Ötən həftə Rusiya Xarici İşlər Nazirliyi Qarabağ məsələsi ilə bağlı Kremlin mövqeyini açıqladı. Rusiya XİN sözçüsü Mariya Zaxarova dünənki açıqlamasında dedi ki, Kreml Bakıya və İrəvana sülh müqaviləsi ilə bağlı öz təkliflərini verib və baş verənləri diqqətlə izləyir.
Görəsən, söhbət nədən gedir? Pərdəarxası nə kimi məqamlar var? Xankəndinə nə zaman qayıdacağıq? Rusiyalı sülhməramlılar Qarabağı nə zaman tərk edəcəklər?
Bütün bu suallara Publika.az-ın “Cümə söhbəti”ndə cavab tapmağa çalışdıq. Suallarımızı sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov cavablandırdı.
Müsahibəni təqdim edirik:
– Tofiq müəllim, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünənki açıqlamasında dedi ki, Kreml Bakıya və İrəvana sülh müqaviləsi ilə bağlı öz təkliflərini verib və baş verənləri diqqətlə izləyir. Sizcə, əslində nə baş verir?
– Hesab edirəm ki, indiki mərhələdə söhbət bir məsələdən gedə bilər. Artıq biz görürük ki, Ermənistan 10 noyabr üçtərəfli bəyanatının şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Bu da rəsmi Bakının, Azərbaycan tərəfinin narazılığına səbəb olur. Təbii ki, Azərbaycan bununla bağlı narazılıqlarını təkcə Ermənistanın yox, həm də vasitəçi tərəf kimi çıxış edən Rusiyanın və onun prezidentinin qarşısında qaldırıb. Bununla bağlı ortada hansısa təkliflərin və məsələlərin olmasını da istisna etmirəm. Hər halda görünən budur ki, hər bir siyasi prosesin məntiqi var. Əgər hansısa sənəd varsa, onun icra olunması da mütləqdir. Çünki proses irəli getsin. 10 noyabr üçtərəfli bəyanatında elə maddələr var ki, Ermənistan bundan açıq şəkildə boyun qaçırmaqdadır. Təbii ki, ilk növbədə açıq qalan məsələlər öz həllini tapmalıdır. Ondan sonra yeni təkliflər ortaya gələ bilər. Mən bunu istisna etmirəm. Hesab edirəm ki, Azərbaycan bu ardıcıllığı tələb edir və bəlkə də bu tələblərə görə hansısa reaksiya tələb olunub.
– Ermənistan mediası iddia edir ki, işğalçı ölkənin Ukraynadakı səfiri İrəvana gəlib və Paşinyana böyük sülh müqaviləsini imzalamağı təklif edib. Hətta onun sülhlə bağlı israr etdiyi vurğulanır. İddia olunur ki, erməni səfirlə bu məsələ ilə bağlı Bakıdan da təmaslar olub. İndiki məqamda yekun sülh müqaviləsi imzalana bilərmi?
– Bu məsələdən xəbərsizəm. Bu istiqamətdə də hansısa təmasların olmasını istisna etmirəm. Bütün bunlar onu göstərir ki, indiki mərhələdə əsas məqam ondan ibarətdir ki, tərəflər bir-birinin ərazi bütövlüyünə hörmət etməlidir. Çünki demarkasiya və delimitasiya texniki məsələlərdir. Ərazi bütövlüyünün tanınması isə siyasi amildir. Ermənilər də bundan boyun qaçırırlar. Bunun da səbəbi bəllidir. Ona görə boyun qaçırırlar ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, onların “miatsum-birləşmə” layihəsi qeyri-qanuni sayılacaq. Müharibədən sonra da onlar yeni cəhdlər edirlər ki, həmin məsələni bu və ya digər şəkildə yenidən həyata keçirsinlər. Çünki Ermənistan hökuməti hansısa qərarlar qəbul edəndə Azərbaycan əraziləri, Qarabağla bağlı hansısa layihələr nəzərdə tutulur. Maliyyə məsələləri ön plana çəkilir… Bu, birmənalı olaraq ərazimizə iddialardır. Biz buna çox prinsipial baxmalıyıq. Biz böyük sülh sazişi məsələsini həll etməliyik. Ermənistan Azərbaycana iddialarından əl çəkməlidir. Bu, əsas şərtdir. Ondan sonra yolların açılması, iqtisadi əlaqələrin qurulması, dəhlizlərin bərpası məsələsi reallaşa bilər. Həmin məsələ Türkiyəyə də aiddir.
– Necə ki?
– Ermənistan öz konstitusiyasında və müstəqillik aktlarında Türkiyəyə qarşı ərazi iddiaları irəli sürür. İrəvan Ankaraya deyir ki, gəlin, şərt irəli sürmədən əlaqələr quraq. Bu, mümkün deyil. Ankaranın da cavabı odur ki, sən ərazi iddialarından əl çəkmədən mən sənlə necə əlaqə qura bilərəm?! Problem məhz bundadır.
– İndi Azərbaycanda hamını bu sual düşündürür: Sülhməramlıların nəzarətindəki ərazilərdə suverenliyimizi nə zaman bərpa edəcəyik və keçmiş məcburi köçkünlərimiz nə vaxt öz yurd-yuvalarına qayıdacaqlar?
– Hesab edirəm ki, bu istiqamətdə işlər gedir. Birincisi, ermənilər müşahidə edirlər ki, ətrafdakı ərazilərdə Azərbaycan hansı yenidənqurma və quruculuq işlərini aparır. İkincisi, əhalinin də qayıdışı olacaq, inşallah. Ermənilər indi özlərinə sual verirlər ki, biz burada necə qala bilərik?! Birmənalı cavab ondan ibarətdir ki, köhnə oyunları, ikinci dəfə “dövlət qurmaq” xülyaları artıq utopiya kimi görünür. Reallıqdan çox-çox uzaq xülyalardır bunlar… Sülhməramlıların nəzarəti altındakı ermənilər indiki mərhələdə bir qərar verməlidirlər. Əgər Azərbaycan bayrağının kölgəsi altında yaşamağa razıdırlarsa, onlar burada qala bilərlər.
– Bəs Xankəndindəki, Ağdərədəki ermənilər buna razıdırmı?
– Çoxluq bizim idarəçiliyimizdə yaşamaq istəmir. Onların böyük əksəriyyəti bizimlə birgə yaşamaq istəməyəcək. Ona görə də əşyalarını yığıb gedəcəklər. Artıq bu prosesi də biz görürük. İndi ən aktual məsələ Laçın dəhlizində bizim tərəfimizdən sərhəd rejiminin bərpasıdır. Çünki sülhməramlıların əsas vəzifəsi təhlükəsizliyi təmin etməkdir. Əsas patrul xidmətinin təşkilidir. Dünyanın heç bir yerində sülhməramlılar onu qəbul edən dövlətə aid sərhəd qanunlarının icrasını yerinə yetirmirlər. Belə bir təcrübə yoxdur. Bununla bağlı Azərbaycanın qanunları var; giriş-çıxışa nəzarət, iqtisadi qanunların icrası, sanitariya qaydaları. Bunları sərhəd və gömrük xidmətlərimiz həyata keçirməlidir. Bütün bu məsələlər həll olunduqdan sonra ermənilər də görəcəklər ki, azərbaycanlıların qayıdışı həmişəlik və birmənalıdır. Azərbaycan qanunlarını qəbul etmək istəyən ermənilərə ölkəmiz ən yüksək status verməyə hazırdır.
– Necə yəni status… Söhbət hansı statusdan gedir?
– Bu, Azərbaycan vətəndaşı statusudur. Əgər həmin ermənilər cinayət törətməyiblərsə, yaşaya bilərlər. Əgər bizim qanunları qəbul edirlərsə, vətəndaşlığımızı qəbul etsinlər və burada yaşasınlar. Bunu istəmirlərsə, buradan çıxıb getsinlər. Hələlik onlara çıxıb getmələri üçün imkanlar yaradılıb.
– Son günlər Azərbaycan ərazisindən keçən Gorus-Qafan yolunda qanunsuz olaraq İran ərazisindən Xankəndinə yük daşıyan maşınların sürücüləri saxlanıldı. Sonradan Ermənistan da İran maşınları üçün yolu bağladı. Sizcə, Bakı Tehranı bu məsələdə oyundan kənar vəziyyətə sala bildimi?
– Bilirsiniz, Azərbaycan ərazisində bizim qanunlarımız tətbiq olunur. Biz onlara qarşı hansısa yeni qaydalar tətbiq etmirik. Bu məsələ yuxarıda qeyd etdiyim Laçın dəhlizinə də aiddir. İndi söhbət Azərbaycan qanunlarını pozan İran vətəndaşlarından gedir. Sabah söhbət Fransadan, hansısa Afrika ölkəsindən gedə bilər. Ona görə də qayda-qanun yaradılmalıdır və onlar da başa düşməlidirlər ki, başqa yol yoxdur. Bununla İranın da, Qarabağa qeyri-qanuni səfərlər edən Fransanın da mövzusu bağlanacaq. Vəssalam!
– Sizcə, Rusiya sülhməramlıları Qarabağda 5 il müddətinə qalacaq, yoxsa sonrakı mərhələdə bu müddət uzadılacaq?
– Bilirsiniz, bu mövzuya aid hansısa düşmən təbliğat maşını bizə qarşı təbliğat, propaqanda aparır. Onlar bu yolla bizim 44 günlük müharibədən sonrakı qalib və müzəffər əhval-ruhiyyəmizi, psixologiyamızı zədələməyə, xof yaratmağa çalışırlar. Bunlar süni xoflardır. Söhbət hansısa “Rusiya xofu”ndan gedir. Hesab edirəm ki, biz problemləri olduğu kimi görməliyik. Bizim hansısa məsələləri şişirtməyimiz vətənpərvərlik deyil, tam əksidir. Məncə, heç bir xof yaratmaq lazım deyil. Yəni bu münasibətlə mövzuya yanaşmalıyıq. Qarşıdakı 4 il ərzində sülhməramlıların nəzarətindəki ərazilərin məsuliyyəti onlardadır. Bu, Azərbaycan dövlətinin qərarıdır. Bu səlahiyyət bizdə qalır. Bu məsələnin ermənilərə əhəmiyyəti yoxdur. Bəlkə də 4 ildən daha tez rusiyalı sülhməramlılar Azərbaycan ərazilərini tərk edəcəklər. Mən bunu da istisna etmirəm. Bəlkə də indi Qarabağda sülhməramlıların fəaliyyəti bizə daha çox lazımdır və məsələ bilərəkdən bu cür qoyulmur. Ermənistan Zəngəzur dəhlizi ilə bağlı hansısa öhdəlikləri yerinə yetirməsə, biz də öz mövqeyimizi dəyişə biləcəyimizi sülhməramlıların diqqətinə çatdıra bilərik. Beynəlxalq qanunlara görə bizim buna hüququmuz çatır. Azərbaycan indi istəyir ki, orada yaşayan ermənilər “hay-haray” salıb müharibədən sonra hansısa yeni situasiya formalaşdırmasınlar. Əsas təhlükə budur, digər təhlükələri görmürəm. Çünki indi əsas məsuliyyət sülhməramlılarda – ruslarda və türklərdədir. Azərbaycanda deyil. Ona görə də indiki şərait bizə sərf edir. Biz bu şəraitdə real qayıdışımızı təmin etməliyik. Real qayıdış deyəndə mən Zəfər yolunun inşasını, işğaldan azad edilən rayonların bərpasını nəzərdə tuturam. İndiki mərhələdə əsas məsələ bununla bağlıdır. Biz istəsək rusları elə sabah yola sala bilərik. Bununla bağlı məndə şübhə yoxdur. Amma sülhməramlılar olmasa, ermənilər yoxdan bir “məsələ” qaldırıb hay-haray sala bilərlər. Kiçik bir məsələni şişirdəcəklər, bu da indiki mərhələdə bizə sərf etmir.
Follow @7timesaz