Ölkə

“Rus sülhməramlıları bilməlidirlər ki, Qarabağda müvəqqəti yerləşdiriliblər“ – YAP-çı deputat

“Rus sülhməramlıları bilməlidirlər ki, Qarabağda müvəqqəti yerləşdiriliblər“ – YAP-çı deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Azərbaycan Müdafiə Nazirliyi Qarabağa qanunsuz daxil olan maşınlarla bağlı Rusiya MN-ə müraciət edib.

10 noyabr bəyanatında da qeyd olunduğu kimi Rusiya bu cür qanunsuz maşınların Qarabağ ərazisinə daxil olmasına icazə verməməlidir.

Rusiya niyə bu hallara göz yumur?

Əgər ruslar əvvəlki siyasətlərini davam etdirsə, Azərbaycan hansı addımları ata bilər?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan deputat Cavid Osmanov Rusiyanın bu siyasəti davam etdirəcəyi təqdirdə, Azərbaycanın ciddi addımlar ata biləcəyini deyib:

“Azərbaycan hər zaman istər bölgə ölkələri, istərsə də digər regionun ölkələri ilə qarşılıqlı əməkdaşlıq, sülh və əmin-amanlıq üzərində qurulmuş, diplomatik münasibətlər üçün çalışmışdır.

Bölgədə olan yeganə ölkə Ermənistandır ki, Azərbaycanın onunla heç bir əlaqəsi yoxdur. Səbəb isə Ermənistanın 30 il müddətində Azərbaycan torpaqlarını işğala məruz qoymasıdır.

Ötən il sentyabrın 27-si başlayan və 44 gün davam edən Vətən müharibəsindən sonra Azərbaycan tarixi və əzəli torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyünü və ədaləti bərpa etdi. 10 noyabr 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan başçılarının icazəsi ilə təsdiqlənən bəyanat Ermənistanın kapituliyasiya aktına imza atması demək idi.

Bəyanatdan sonra müvəqqəti olaraq Qarabağ ərazisində Rusiya sülhməramlı kontingenti yerləşdirildi. Sülhməramlıların orada olmasına baxmayaraq, son zamanlar İran tərəfindən Azərbaycanın razılığı olmadan Qarabağ bölgəsinə, Rusiya sülhməramlılarının yerləşdiyi ərazilərə müəyyən yüklərin daşınması həyata keçirilir.

İyul ayından avqusta kimi Qarabağ ərazisinə naməlum yüklər daşındı. Bu hadisələrdən sonra İran səfiri Azərbaycan Xarici İşlər nazirliyinə dəvət olundu və nota verildi. Çox təəssüf ki, ondan sonrakı 1 ay müddətində də İran tərəfindən Azərbaycanın icazəsi olmadan Qarabağ bölgəsinə naməlum yüklərin daşınması intensiv şəkildə davam etdirildi. Lakin bu qəbul olunmaz haldır.

Rusiya kontingenti bu məsələlərin qarşısını almalıdır. Onlar bilməlidir ki, bu ərazilərdə müvəqqəti yerləşdiriliblər”.

Cavid Osmanov rus sülhməramlılarının bundan sonra daha ciddi tədbirlər almalı olduğunu bildirib:

“Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə Rusiya Müdafiə Nazirliyinə, o cümlədən torpaqlarımızda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinə məktubla müraciə etdi ki, “Qarabağa qanunsuz daxil olan nəqliyyatların qarşısını qətiyyətlə alın”.

Qarabağ bölgəsində baş verən istənilən hadisələri, Azərbaycan tərəfinin müasir texnologiyalara yiyələnməsi nəticəsində izləyirik. Bu tırların, nəqliyyat vasitələrinin Azərbaycan ərazilərinə daxil olarkən nömrələrinin erməni nömrələri ilə dəyişdirilməsi də açıq şəkildə müşahidə olunur. Bunlarla bağlı əlimizdə faktlar mövcuddur.

Bu məsələdə Azərbaycan ciddi addımlar atmağa hazırdır. Xəbərdarlıqdan sonra Rusiya sülhməramlı kontingenti nəzarəti daha da gücləndirəcək. İstənilən xarici dövlətin bu ərazilərə daxil olma niyyəti olsa, ilk növbədə Azərbaycandan icazə almalıdır.

Artıq Gorus-Qafan yolunda Daxili İşlər Nazirliyi tərəfindən xüsusi post qurulub və burada avtomobillərin yoxlanılması həyata keçirilməkdədir. Rusiya öhdəliklərinə əsasən bu cür hallara göz-yummamalıdır və ciddi tədbirlər görməlidir.

Rusiya sülhməramlıları tərəfindən bu siyasət davam edərsə, Azərbaycan daha ciddi addımlar atmaq hüququnu özündə saxlayır. Yaxın zamanda Gorus-Qafan yolunun Azərbaycan tərəfindən bağlanması, Ermənistan nəqliyyat sisteminin iflic hala salınması, Azərbaycanın ata biləcəyi ciddi addımlardan xəbər verir”.