“İstiqlalçı deputatların təqaüd məsələsi bu günün problemi deyil. 30 ildir ki, bu problem davam edir. Həyatda qalan 5-10 nəfər istiqlalçı deputatlara qanuni pensiya verilməsin deyə müxtəlif bəhanələr uydurulur. O bəhanələrin heç birinin elmi əsası və gerçəkliyi yoxdur”.
7times.az xəbər verir ki, Bizim.Media-ya açıqlamasında bunları deyən professor Firudin Cəlilov təqaüdlə bağlı məhkəməyə müraciət etməyindən də danışıb.
“Cavabları da budur ki, siz 1990-1995-ci illərdə deputat olmusunuz. Amma sonrakılar müstəqil Azərbaycanın deputatlarıdır və ona görə onlara o pensiya verilir. İndi gəl bunlara başa sal ki, müstəqil Azərbaycanı 1991-ci ildə biz elan etmişik, biz yaratmışıq.
Milli Məclisin də üzvü olmuşuq. Mən komissiya sədri (1991, Ali Soveti Milli Şurasının Təhsil, elm, mədəniyyət və din məsələləri komissiyasının sədri – 1992, Təhsil, elm, din və mədəniyyət məsələləri komissiyası) olmuşam.
Əmək kitabçamda da yazılıb ki, 1990-95-ci illər mən Milli Məclisin üzvüyəm, deputatam. Yəni, bunları görməzdən gəlmək olmaz axı…
İkinci məsələ, necə olur ki, hələ sovet vaxtında – 80-ci illərdə hakim işləmiş insanlar indiki hakimlər qədər pensiya alır? Polis rəisləri, “raykom” katibləri, ümumiyyətlə SSRİ zamanı yüksək vəzifələrdə çalışmış məmurlar sonrakı məmurlar qədər təqaüd alır. Necə olur ki, bunu məmurlara tətbiq edirlər, istiqlalçı deputatlara şamil etmirlər?
Üçüncü bir məsələ, əgər bu pensiya 1995-ci ildən sonra nəzərdə tutulursa, onda Ayaz Mütəllibov, Əbülfəz Elçibəyə niyə prezidentlik pensiyaları verilir? Onların da prezidentlityi 1993-cü ilədək olub. Belə çıxır ki, prezidentlərə təqaüd olar, amma bu dövləti quran, yaradan deputatlara olmaz. Bu məsələyə bir az ciddi yanaşmaq lazımdır”.
Firudin Cəlilovun sözlərinə görə, məhkəmələrin məsələyə bu cür baxması cəmiyyətdə böyük narazılıq yaradır. Bütün bunlar isə Rusiyanın “5-ci kolon”unun planıdır:
“Təsəvvür edin, mən təhsil naziri, baş nazirin müavini, 5 il deputat olmuşam, professoram, amma 30 ildir ki, mənə evdar qadınlara verilən pensiya qədər pensiya verilir. Belə şey olar?
Yenə təkrar edirəm, Azərbaycanda 5-ci kolonun ki, yüksək məmurları var idi, onların tör-töküntüləri hələ də işləyirlər. Bu dolaşıqlığı yaradan da Rusiyanın 5-ci kolonudur. Özü də bilərəkdən edirlər. Hər dəfə bizim işlə bağlı məhkəmə qərar oxuyanda hakimi arxa otağa çağırırdılar, yuxarıdan kimsə zəng vururdu və hakim sifəti dəyişmiş formada qayıdırdı. Rədd qərarı verirdi. Yuxarıdan zəng vuran həmin o “kimsələr” 5-ci kolonun yüksək vəzifəli məmurlarıdır. 5-ci kolon bilə-bilə, xüsusi göstərişlə xalqda narazılıq yaradır”.
İstiqlalçı deputat sonda bildirdi ki, onların təqaüd məsələsi düzgün analiz edilib mətbuatda yazılsa, bu, dövlətçiliyin xeyirinə olar.
Follow @7timesaz