Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisoner və havalandırma sistemləri ilə bağlı məsələyə aydınlıq gətirib.
Agentlikdən 7times.az-ın sorğusuna cavab olaraq bildirilib ki, şadlıq evlərində kondisioner və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib:
“Son günlərdə şənlik mərasimlərinin keçirildiyi məkanlarda kondisioner və havalandırma sistemlərinin işləyib-işləməyəcəyi geniş müzakirə mövzusudur. Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən, 50 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimləri “İctimai iaşə müəssisələrində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair Metodiki Göstərişlər”ə uyğun olaraq tənzimlənir. Əlavə olaraq, 50 nəfərdən 150 nəfərə qədər olan şənlik mərasimlərinin keçirilməsi ilə bağlı əlavə metodiki göstərişlər təsdiq olunaraq yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdırılacaq. Bildirmək istərdik ki, sözügedən göstərişlərdə kondisionerlərə və havalandırma sistemlərinə dair heç bir məhdudiyyət müəyyən edilməyib”.