Cəmiyyət

Şagirdlərin yarımillik qiymətləndirilməsi necə aparılacaq? – Təhsil ekspertindən AÇIQLAMA

Şagirdlərin yarımillik qiymətləndirilməsi necə aparılacaq? – Təhsil ekspertindən AÇIQLAMAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2020-2021-ci tədris ilinin birinci yarımilliyi sona çatmaq üzrədir.

7times.az xəbər verir ki, ictimaiyyəti narahat edən suallardan biri də şagirdlərin yarımillik qiymətləndirilməsinin hansı üsulla həyata keçiriləcəyidir. Məlumdur ki, hər il yarımillik qiymətləndirmə ənənəvi olaraq şagirdlərin summativ qiymətləndirilməsi əsasında aparılırdı. Tədris ilinin əvvəlində qısa müddət ərzində ənənəvi tədris başlansa da, yoluxma sayındakı artım yenidən distant formaya keçmək zərurəti yaratdı.

Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov 7times.az-a müsahibəsində ümumtəhsil müəssisələrində şagirdlərin ənənəvi qiymətləndirilməsinin mümkün olmadığını deyib: “Orta ümumtəhsil məktəblərində şagirdlərin yalnız 70 faizi onlayn dərslərə qoşula bilir. Şagirdlərin heç də hamısının planşeti, kompüteri, internetə çıxışı yoxdur. Bu hissənin biliyinin qiymətləndirilməsi ədalətli ola bilməz və mümkün deyil. Digər tərəfdən Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin biliyinin onlayn  qiymətləndirilməsi qaydaları hələ də yoxdur. 11 aydır məsafədən tədris prosesi davam edir. Bu müddət ərzində pandemiya dövründə biliklərin qiymətləndirilməsi normaları hazırlanmalı idi”.

Ekspert qeyd edir ki, yoluxma sayı azalıb, vaksinasiya başlanıb, qısa vaxt ərzində ənənəvi tədris prosesi bərpa olunacaq: “Ən qısa zamanda ənənəvi tədrisə başlanılacaq. İkinci yarımildə ənənəvi qiymətləndirmə aparılarkən birinci yarımillik qiymətlər də buna əsasən yazılmalıdır. Ötən ilin ikinci yarımillik və illik qiymətləri birinci yarımildəki qiymətlər əsas götürülərək yazıldı. Hesab edirəm ki, indi də belə olmalıdı”.

Təhsil Nazirliyinin məsələyə münasibəti isə belədir. Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov 7times.az-ın sualına cavab olaraq bildirib ki, yarımillik qiymətləndirmənin necə aparılacağı bu həftə ərzində müəyyənləşəcək: “Qiymətləndirmənin aparılması ilə əlaqədar bir neçə qurumun rəyi vacib olduğundan dəqiq fikir bildirmək mümkün deyil. Bu həftə ərzində dəqiq qərar veriləcək. Hər halda şagirdlər üçün çətinlik yaranmayacaq. Çünki onlar da çalışırlar, dərslərə qoşulurlar”.

Təranə Mirzəyeva

7times.az