Ölkə

“Şahdəniz”dən 200 milyard kubmet qaz hasil olunub – “Hər bir azərbaycanlı istehlakçı bilməlidir ki…”

“Şahdəniz”dən 200 milyard kubmet qaz hasil olunub – “Hər bir azərbaycanlı istehlakçı bilməlidir ki…”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan “Şahdəniz” yatağından 200 milyardıncı kubmetr qazını hasil edib. Yatağın ümumi ehtiyatlarının artıq təqribən 1/5 hissəsi çıxarılıb.

“Caspian Barrel”in hesablamasına görə, həmin qaz həcmlərini Azərbaycan faktiki olaraq 200 ay müddətinə əldə edib. Bundan əlavə, ötən müddətdə “Şahdəniz” yatağından 43,1 mln ton kondensat (daha yüngül neft) da çıxarılıb.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban xatırladır ki, “Şahdəniz”dən ilk 100 milyardıncı qaz həcmi 2019-cu ilin ilk günlərinə təsadüf etmişdi.

“Yəni yataqdan ilk “100-cü” milyard kubmetrin çıxarılmasına 12 il zaman sərf edilmişdisə, ikinci “100 milyard”ın əldə edilməsinə cəmi 4 il 7,5 aya yaxın vaxt gərək olmuşdu. Həcmlərin artımına 2018-ci ilin avqustunda “Şahdəniz-2” layihəsi üzrə hasilatın başlanması səbəb olmuşdu”, – o, əlavə edib.

Ekspert deyir ki, artıq 2021-ci ilin iyununda “Şahdəniz-1” və “Şahdəniz-2” layihələri üzrə hasilat bərabərləşir və sonrakı dövrlərdə 2006-cı ildən istismarda olan “Alfa” platformasından hasilat azalmağa, “Bravo” platformasından (2018-ci ildən istismardadır) isə artmağa başlayır.

Onun sözlərinə görə, hazırda “Şahdəniz” yatağından gündəlik olaraq 72,6 mln kubmetr qaz hasil edilir ki, bu həcmintəqribən 30%-i Azərbaycanın daxili istehlakının ödənməsinə yönəldilir.

İlham Şaban bildirir ki, hər bir azərbaycanlı istehlakçı bilməlidir ki, qaz plitəsini yandırdıqda əmələ gələn alovun təqribən 1/3 hissəsi “Şahdəniz”dən qaynaqlanır: “Şahdəniz” yatağından qazın çıxarılması 2007-ci ildən Azərbaycanı təkcə Rusiyadan qaz asılılığından azad etmədi, həmçinin ölkəmizin adını qaz ixracatçıları sırasına da əlavə etdi. “Şahdəniz” qazı Azərbaycan iqtisadiyyatının neft gəlirlərindən asılılığını azaldan, onun şaxələndirilməsi yolunda atılan ən mühüm layihə oldu. Və nəhayət, “Şahdəniz” qazı Azərbaycanı birbaşa Avropa ilə borularla bağlayan bir meqa layihədir”.