Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunda dəyişikliyi təsdiqləyib.
7times.az xəbər verir ki, sənədə əsasən, sözügedən yoxlamalar 2022-ci ilin yanvarın 1-dək dayandırılıb.
Qanuna yeni əlavə edilən maddəyə əsasən, Qanunda nəzərdə tutulmuş müddət başa çatdıqdan sonra yoxlayıcı orqanlar tərəfindən sahibkarların yoxlamaların dayandırıldığı dövrdəki fəaliyyəti ilə bağlı plan üzrə (növbəti) və plandankənar (növbədənkənar) yoxlamalar (bu Qanunda göstərilən yoxlamalar istisna olmaqla) aparıla bilməz.
Bu Qanun 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Bundan başqa, Prezident sözügedən qanunla bağlı fərman imzalayıb.
Fərmana əsasən, Nazirlər Kabineti qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, sahibkarların maraqlarının müdafiəsinin gücləndirilməsi məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərini 8 (səkkiz) ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 mart tarixli 279-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
Bu Fərman 2021-ci il yanvarın 1-dən tətbiq edilir.
Follow @7timesaz