Azərbaycanın Rusiyadakı səfirliyi 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində baş vermiş qarşıdurma zamanı tutulan Azərbaycan vətəndaşları ilə bağlı məlumat yayıb.
Səfirlikdən 7times.az-a verilən məlumata görə, bu müddət ərzində yuxarıda qeyd olunan məsələ diqqətdə saxlanılıb, səfirliyin əməkdaşları tutulan şəxslərlə, eyni zamanda, Rusiyanın müvafiq dövlət orqanlarının nümayəndələri ilə görüşlər keçirib, səfirliyin səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarına hərtərəfli yardım göstərilib.
Bildirilib ki, Ceyhun Namazov, Elbrus Əhmədov, Nahid Ağayev, Əziz Fərəczadə, Elmar Mehtiyev, Tural Qiyasov və Elmar Musayev barəsində başladılan cinayət işinə xitam verilib və onlar sərbəst buraxılıb.
Ənvər Muradov Dərbənd rayon məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsindəki hökmdən apellyasiya şikayəti verilib.
Digər iki Azərbaycan vətəndaşı – Rövşən Hüseynov və Emin İmaməliyevə gəldikdə isə onlar Rusiya Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə ittiham olunurlar. Onların cinayət işi baxılması üçün Dağıstan Respublikasının Məhərrəmkənd rayon məhkəməsinə göndəriləcək. Hazırda həmin şəxslər ev dustaqlığındadırlar.
Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələni diqqətdə saxlamağa davam edəcək.
Qeyd edək ki, 15 iyun 2020-ci il tarixində Rusiya-Azərbaycan sərhədində (Dağlstanda) baş vermiş qarşıdurma zamanı 10 Azərbaycan vətəndaşı Rusiya Federasiyasının hüquq-mühafizə orqanları tərəfindən tutulub.
Follow @7timesaz