“Rusiyaya nota verməyimizdən cəmi 2 gün keçib və guya Rusiya ədalətli bitərəf kimi Ermənistanla Azərbaycan arasında münaqişəni yoluna qoymaq istəyir. Mənə elə gəlir ki, bu, Rusiyanın riyakarlığından xəbər verir”.
KONKRET.az-a özəl açıqlamasında bunları deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Soçi görüşünü də şərh edib. Onun fikrincə, belə görüşlər Azərbaycan dövlətçiliyi üçün təhlükə kəsb edir. Çünki:
“Rusiyanın burada bir məqsədi var. İndiki situasiyadan mümkün qədər istifadə edib Azərbaycan torpaqlarında özlərinə hərbi baza statuslu ərazi yaratmaq istəyirlər. Bununla da Cənubi Qafqazdakı bütün proseslərdə iştirak etmək fikrindədirlər. Rusiya Ermənistanla Azərbaycan arasında heç vaxt sülh istəməyəcək. Hətta bu gün Kremlin şərtlərilə razılaşdırılmış sülh müqaviləsi imzalansa, Rusiya orada yerini möhkəmlədəndən sonra yenidən Ermənistan-Azərbaycan, Ermənistan-Gürcüstan, yaxud Azərbaycan ilə Gürcüstan arasında münaqişələr törədib özünün regiondakı mövcudluğunu genişləndirəcəkdir. Rusiya bu məsələdə səmimi deyil”.
Sərdar Cəlaloğlu Putinin Valdayda erməni politoloq İskəndəryanın sualına verdiyi cavaba da toxunub. Xatırladaq ki, erməni sualına rus cavabında Putin yekəxana formada deyirdi ki, II Qarabağ müharibəsi olmasaydı, danışıqlar yolu ilə İrəvan Bakıya 5 rayonu (Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) qaytaracaq, Kəlbəcər və Laçından isə koridor kimi yararlanacaqdı:
“Sən demə, indiyə qədər erməniləri də bizim üstümüzə yollayan, etiraf edək ki, Rusiya olub. Necə yəni, 5 rayonu Azərbaycana verək, qalanı Ermənistanda qalsın? Azərbaycan torpaqları sənin dədənin torpaqlarıdır? Sənin bura nə aidiyyatın var? Vaxtı ilə işğal edibsən, amma Azərbaycan müstəqillik əldə edib və torpaqların sahibi Azərbaycandır. Ona görə də Soçi görüşü barədə optimist deyiləm”.
ADP sədri cavabını belə tamamlayıb ki, Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında heç vaxt ədalətli sülh ola bilməz.
Follow @7timesaz