Allaha şükürlər olsun ki, Qarabağ münaqişəsi bitib. Azərbaycan öz suverenliyini bütün ərazisində bərpa edib. Yəni bizim üçün artıq bu anlayış həm əbədiyyən dərs almalı olduğumuz faciələr tarixinə, həm də bu faciələrə rəğmən millət və dövlət kimi varlığını, birliyini qoruyub saxlamaq və nəticə etibarilə düşmən(lər) üzərində möhtəşəm qələbələr tarixinə çevrilib.
Amma bir şey maraqlıdır, görəsən biz 1991-ci ildə Azərbaycan yenidən müstəqil olduqdan 2020-ci ilin 8 noyabrına qədər (Ermənistan ilə sülh müqaviləsi bağlanmadığına görə hətta bu günədək) işğalçı dövlətlə isti münasibət qura bilərdikmi? Yəni təsəvvür edin, Qarabağ və ətraf rayonlar işğal altında ola-ola Gədəbəy və yaxud Qazaxda, Naxçıvanda sərhəd buraxılış məntəqələri fəaliyyət göstərir və işğalçı Ermənistanla sərhədlərimiz açıqdır, azərbaycanlılar Ermənistana, ermənilər də bizim ölkəyə sərbəst şəkildə gəlib gedirlər. Aramızda heç nə olmamış kimi ticarətimiz normal şəkildə davam edir, hər iki ölkədən turistlər qarşılıqlı səfərlər edirlər və sair və ilaxır. Erməni kafel metlax ustaları internet vasitəsilə (lap elə birbaşa telefonla) Bakı başda olmaqla Azərbaycanın müxtəlif bölgələrində iş tutub sifariş qəbul edirlər, gəlib buralarda işləyib pul qazanırlar. Bizimkilərin bir az imkanı olanları köhnə zamanlarda olduğu kimi kef çəkmək üçün başqa yer axtarmırlar, haykanuşların əlindən erməni konyakı içmək üçün fürsət tapan kimi özlərini Bakı-İrəvan təyyarəsinə dürtürlər.
Belə misalları artırmaqla fantaziyamızı genişləndirə bilərik, amma siz buna inanardınızmı? Adam belə şeyi deyil təsəvvür etmək, heç ağlına belə gətirmir. Amma tələsməyin, ətrafa (region və yaxın xaricə) baxın. Onda bu yuxarıda qeyd olunanların hamısını bizim Qərb aşiqlərimizin hər söz düşəndə başımıza qaxınc etdikləri demokratik Gürcüstanın, Moldovanın, Ukraynanın timsalında görəcəksiniz.
İllərlə Abxaziya və Cənubi Osetiyanın separatçı rejimlərini bəsləyən, 2008-ci ilin avqust müharibəsində hər iki ərazini müstəqil dövlət kimi tanıyaraq öz protektoratına çevirən Rusiya ilə Gürcüstan kənd təsərrüfatı, ticarət, turizm sahəsində münasibətləri hansı səviyyədədir? Orta statistik gürcü və rus bir birilərinin ölkələrinə təyyarə ilə və yaxud Kazbek dağı ətəklərində yerləşən yuxarı Lars sərhəd buraxılış məntəqəsindən keçərək sərbəst şəkildə səyahət edə bilirlərmi? Bir rus Gürcüstana gürcü çaxırının dadını çıxara bilir. Və yaxud bir gürcü yetişdirdiyi mandarini, qaysını rahat şəkildə sərhəddən keçirərək Moskva bazarlarında sata bilir.
2022-ci ilin fevral ayında Ukrayna-Rusiya müharibəsi başlayana qədər bu iki ölkə arasında sərhədlər bağlı idi yoxsa iqtisadi münasibətlər Gürcüstanla olduğu kimi idi? Axı Krım 2014-cü ildən Rusiya tərəfindən anneksiya olunmuşdu? Xeyr, Ukraynada da həyat Gürcüstanda olduğu kimi öz axarı ilə davam edirdi.
Və yaxud moldovalılar Dnestr çayının şərq sahili boyunca ölkələrinin içində başqa bir “respublika” quran Rusiyaya gedib gəlirdilər, ya necə? Rusiyanın böyük şəhərlərindəki mənzillərin təmiri işlərində (xüsusilə də rəngsazlıq) moldovalılar əməlli başlı şpatel oynatırlar, bundan xəbəriniz var yəqin.
Maraqlıdır, hər üç ölkənin ərazisi birbaşa olaraq Rusiya tərəfindən işğal olunub, amma hər üç ölkənin bütün dövrlər üzrə iqtidarları da, xalqları da Rusiya ilə öz alverində, pul qazanmaqlarında olublar. Elə rusca da fikirləşiblər ki, одно другому не мешает (yəni Vətəni sevmək lazımdır, amma pul da vacibdir)
Hə, kimsə deyə bilər ki, Qarabağ məsələsində də Ermənistan və Qarabağ ermənilərini Rusiya yemləyib (indi artıq hamıya gün kimi aydındır təkcə Rusiya deyil), amma biz də Rusiya ilə hərtərəfli münasibətlər qurmuşuq. Əzizlərim, Qarabağda müharibə başlayandan bitənə qədər ərazidə Rusiyanın qoşunu olmayıb, müharibə bitəndən sonra sülhməramlı kimi gəliblər. Amma Gürcüstan, Ukrayna, Moldovanın işğal olunmuş və bu səbəbdən suveren hüquqlarının olmadığı ərazilərində hər zaman rus qoşunları olub axı. 2008-ci ilin avqustunda rus qoşunları Qoriyə gəlib çıxmışdılar, Tbilisinin 90 kilometrliyinə. 2014-cü ildə Krım yerin cazibə qüvvəsi ilə Rusiyaya birləşməmişdi hər halda. Bu birləşmədə Rusiyanın Qara dəniz donanmasının rolunu danmayacaqsınız ki?
Əlqərəz, deməyim odur ki, Azərbaycan xalqı nə millət, nə də dövlət olaraq ən zəif vaxtlarında belə Qarabağ davasını heç nəyə dəyişmədi. Azərbaycanın heç bir iqtidarı yuxarıda sadalanan əlaqələrin qurulması üçün nəinki addım atmadı, ümumiyyətlə bunu heç kim ağlının ucundan da keçirmədi. Mahiyyət etibarilə bizim üçün Vətən müharibəsi 44 gün deyil, 33 il davam elədi və hələ də bitməyib.
Ona görə də, biriləri “özlərinə umac ova bilməyib, başqasına əriştə kəsənlər”i lütfən bizə nümunə göstərməsin. Kimlərsə orda burda azərbaycanlıları pulgir, alverçi qələmə verəndə, onlara deyin ki, kor gözlərini açıb ətrafa baxsınlar. Millət də, dövlət də necə qurulur, necə qorunur, onda görəcəklər. Hə, kimlərsə millətini də, dövlətini də uzaqdan çalınan zurna səsinə dəyişmək fikrindədirsə, onlara baş qoşmayın. Bu kökü qurumuş, torpaqdan üzülmüş ağaca su verib, meyvəsini gözləmək qədər mənasız işdir.
Fuad Həbibov
Politoloq