“Ruben Vardanyanın Qarabağdan qaçması dəqiqdirsə, bu o deməkdir iki, Vardanyan olmur, kim olur olsun, vəziyyət Azərbaycanın xeyrinə dəyişilib”.
Bu sözləri Moderator.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Qarabağ erməniləri və özünü Qarabağda vəzifədə hesab edən hər kəs başa düşməlidir ki, Azərbaycan hökuməti ilə əlaqələr yaratmaq lazımdır: “Qarabağda qalıb yaşamaq istəyən ermənilər də Azərbaycan vətəndaşlığını qəbul etməli və digər Azərbaycan vətəndaşları kimi Qarabağda yaşamağa davam etməlidirlər”.
“Əsas məsələ ondan ibarətdir ki, əgər, Vardanyan Qarabağdan qaçıbsa, deməli, bu, Azərbaycanın bir addım da irəliləməsidir. Onlar da bunu nə qədər tez başa düşsələr, bir o qədər az əziyyət çəkəcəklər. Çünki Azərbaycan vətəndaşlığını qəbul etmək onlar üçün ən şərəfli işdir. Amma bunun nə qədər tez reallaşacağını demək çətindir. İstənilən halda, addımlar atılır və əsas məqsəd yerinə yetirilir”, – deyə sabiq nazir vurğulayıb.
Keçmiş baş diplomat onu da əlavə edib ki, Rusiya sülhməramlılarının Qarabağda yerləşməsi, ərazinin Azərbaycanın nəzarətinə keçməsinə problem yarada bilməz: “Məsələn, Sərsəng su anbarından Qarabağ erməniləri də, Azərbaycan vətəndaşları da birlikdə istifadə edirlər və həmin su anbarı rus sülhməramlılarının nəzarəti altındadır. Yəni, sülhməramlılar ərazinin bizim yurisdiksiyamıza keçməsinə mane olmayacaq. Ən maraqlısı da odur ki, cənab prezident bildirib ki, 2023-cü il Qarabağ erməniləri üçün ən kritik il olacaq”.
Follow @7timesaz