Dekabrın 12-dən Şuşa-Xankəndi yolunda başlayan etiraz aksiyasında Azərbaycan Könüllü Həkimlər Assosiasiyasının üzvləri, həkimlər də iştirak edirlər. Tibb işçiləri həm etirazçılara dəstək göstərir, həm də onların sağlamlıqlarına nəzarət edirlər.
Assosiasiyasının üzvü, İkinci Qarabağ müharibəsində həkim kimi fəaliyyət göstərən tanınmış cərrah, tibb üzrə fəlsəfə doktoru Anar Yusibov “Report”un ərazidə olan müxbirinə açıqlamasında bildirib ki, aksiya iştirakçılarının etirazları haqlıdır:
“Çünki Rusiya sülhməramlıları öz torpağımızda sərbəst hərəkətimizə maneə yaradır. Burada təbii sərvətlərimiz talanır. Ekoloji tarazlıq pozulur. Sərvətlərdən istifadə edib, tullantıları çaylara axıdırlar. Onlar da son nəticədə bizim ekologiyamıza pis təsir göstərir. İnsanlar buna haqlı narazılıqlarını bildirirlər. Biz də onlara qoşulmuşuq. Həkim və QHT kimi insanlarımızın yanındayıq. Etirazımızı davamlı bildirməliyik”.
Həkim vurğulayıb ki, aksiya iştirakçılarının səhhətində ciddi problem yoxdur: “Təzyiqi, şəkəri yuxarı olanlar, soyuğa görə boğazı ağrıyanlar olur. Onlara da lazımı yardımlar göstəririk. Sutka ərzində bizə 50-60 müraciət olub”.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.