Ölkə

Tanınmış alim Mədət Qurbanovun 70 illik yubileyi qeyd edildi – FOTOLAR

Tanınmış alim Mədət Qurbanovun 70 illik yubileyi qeyd edildi – FOTOLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda ASİHİB-nin təşkilatçılığı ilə meyvəçilik elmi sahəsində qabaqcıl alimlərdən biri olan b.e.f.d., dosent, “Bitki mühafizəsi şöbəsi” nin baş elmi işçisi Mədət Mirzəhməd oğlu Qurbanovun 70 illik yubileyi ilə əlaqədar tədbir keçirilib.
Mədət Qurbanov 1954-ci ildə Quba rayonunun gözəl təbiəti qoynunda yerləşən Xanəgah kəndində sadə, kolxozçu ailəsində anadan olmuşdur. Uşaqlıq və yeniyetməlik illəri doğma kəndində keçmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinin axşam şöbəsinə qəbul olunmuş və 1978-ci ildə oranı əla qiymətlərlə bitirmişdir.
1981-ci ildə keçmiş SSRİ-nin Leninqrad (indiki Sankt Peterburq) şəhərində yerləşən Ümumittifaq Elmi-Tədqiqat Bitki Mühafizəsi İnstitutunun məqsədli aspiranturasına daxil olmuş və 1987-ci ildə “Azərbaycan SSR-də tumlu meyvə bitkilərinin qurumadan mühafizəsinin bioloji əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib və “Bitkilərin zərərverici və xəstəliklərdən mühafizəsi” ixtisası üzrə biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
1998-2004-cü illərdə Kənd Təsərrüfatı Nazirliyinin Samur Sərhəd Bitki Karantini Məntəqəsində aparıcı müfəttiş vəzifəsində çalışmışdır.
06 iyun 1990-cı ildə SSRİ Nazirlər Sovetinin nəzdində olan Ali Attestasiya Komissiyası tərəfindən ona baş elmi işçi (dosent) elmi dərəcəsi verilmişdir.
1981-ci ildən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Bitki mühafizəsi şöbəsində aparılan elmi-tədqiqat mövzusunun rəhbəridir.
100-dən çox elmi əsər, 4 kitab, 2 kitabça, həmçinin 1 ixtira, 4 tövsiyyə və 3 bukletin müəllifidir. 1 doktorantın elmi məsləhətçisidir.
Mədət Qurbanovun əsas tədqiqat işləri tumlu (alma, armud), çəyirdəkli (gilas, gavalı, ərik, şaftalı) və subtropik meyvə bitkilərinin xəstəliklərinin araşdırılmasına həsr olunmuşdur. Tədqiqatçı tərəfindən respublika üzrə yeni olan 2 göbələk, 2 bakteriya, 3 virus və 2 fitoplazma mənşəli xəstəliklər aşkar edilmiş və onlara qarşı müvafiq mübarizə tədbirləri işlənib hazırlanmışdır.
M.Qurbanovun rəhbərliyi və iştirakı ilə Azərbaycanda ilk dəfə karantin zərərvericisi olan Kaliforniya çanaqlı yastıcasına, həmçinin yarpaqbükən növlərinə qarşı feromon tələləri sınaqdan çıxarılmış və təsərrüfatlara tövsiyyə olunmuşdur.