Tbilisidə Gürcüstan Yazıçılar Birliyində Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Azərbaycan Jurnalistlər Birliyinin üzvü şairə-publisist Sona İsmayılovanın “Sözün xaqanı” kitabının təqdimatı olub.
7times.az xəbər verir ki, tədbir Gürcüstanın Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı və SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən Gürcüstan Yazıçılar Birliyinin sədri Bağatur Arabuli deyib ki, son illər Gürcüstanda Azərbaycan yazıçılarının, şair və dramaturqlarının əsərlərinin təqdimat mərasimlərinin təşkili ənənəvi hal alıb. Onun sözlərinə görə, bu cür tədbirlər Azərbaycan ilə Gürcüstan arasında mədəni əlaqələrin, xüsusən də ədəbiyyat və incəsənət xadimləri arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir.
B.Arabuli bu kitabın və Sona İsmayılovanın digər əsərlərinin gürcü dilinə tərcümə olunacağını vurğulayıb.
Sonra tədqiqatçı jurnalist Mirzə Maşov, Gürcüstanın Azərbaycanlı Aktiv Qadınlar Asossiasiyasının sədri Gültəkin Mustafayeva və başqaları çıxış edərək kitab barədə fikirlərini bölüşüblər. Bildirilib ki, kitabın redaktoru və ön sözün müəllifi filologiya elmləri doktoru, professor Nadir Məmmədlidir.
Oxuculara təqdim olunan “Sözün xaqanı” romanı klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair–filosof və qədim dövr ədəbiyyatının yaradıcılarından biri dahi Xaqani Şirvaninin keşməkeşli ömür yoluna həsr olunub.
Müəllif Sona İsmayılova çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlıq edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Follow @7timesaz