Təhsil Tələbə Kredit Fondunun kredit vermə meyarları iki istiqamətdə olacaq.
7times.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, 1-ci qrup, yəni sosial həssas ailələrdən olan tələbələrin maddi və sosial vəziyyəti əsas götürüləcək.
Onun sözlərinə görə, 2-ci qrup, yəni öz hesabına təhsil alan tələbələrə kreditlər verilən zaman isə tələbələrin akademik göstəriciləri nəzərə alınacaq:
“Daha sonra isə fondun maliyyə imkanları nəzərə alınaraq digər tələbələrə də kreditlər verilə bilər. Lakin əsas məqsəd ondan ibarətdir ki, təhsilin keyfiyyəti də artırılsın. Bu baxımdan əgər tələbənin akademik göstəriciləri yüksəkdirsə, ilk növbədə onlara kredit veriləcək”.
Nazir bildirib ki, həm dövlət, həm də özəl universitetlərdə oxuyan tələbələr Təhsil Tələbə Kredit Fondunun imkanlarından faydalana biləcək:
“Harada oxumağı tələbə özü seçir. Fəaliyyət üçün lisenziyası olan hər bir universitetdə oxuyan tələbələr Fondun imkanlarından faydalana biləcəklər”.
Təhsil Tələbə Kredit Fondunun təhsilin hansı pillələrini əhatə edəcəyinə gəlincə, Emin Əmrullayev bildirib ki, böyük ehtimalla Fond orta ixtisas, yüksək peşə ixtisası, bakalavr və magistr pillələrini əhadə edəcək.
Nazirin sözlərinə görə, yaxşı göstəriciləri olan tələbələrə Təhsil Tələbə Kredit Fondun tərəfindən güzəştlər olunacaq.
Kredit verilən zaman tələbələrin giriş balları da nəzərə alınacaq.
E.Əmrullayevin sözlərinə görə, tələbə yaxşı oxuyarsa və göstəriciləri yüksək olarsa, həmin tələbələrə güzəştlər tətbiq olunacaq, yəni faizində və ya əsas məbləğində müəyyən güzəştlər olunacaq.
Nazir əlavə edib ki, tələbə kreditləri birbaşa olaraq tələbənin oxuduğu universtetin hesabına köçürüləcək.
E.Əmrullayevin sözlərinə görə, sosial həssas ailələrdən olan tələbələrə verilən kreditlərin faiz dərəcəsi çox aşağı simvolik rəqəmlərlə 1-2 faiz olacaq.
O qeyd edib ki, öz hesabına təhsil alan tələbələr üçün is standart paket tətbiq olunacaq və onun da faiz dərəcəsi müəyyən olunacaq: “Ancaq faizlər çox aşağı dərəcədə olacaq. Fondun məqsədi odur ki, daha çox insan, o cümlədən sosial qrupa aid olan ailələrdən insanlar ali təhsil almaq imkanı əldə etsin”.
Nazir bildirib ki, Təhsil Tələbə Kredit Fondun tərəfindən verilən kreditlər uzun müddətli olacaq:
“Kreditin müddəti müzakiə olunub təsdiq olunmalıdır, ancaq uzun müddətli, təxminən 20 il ərzində tələbə həmin vəsaiti geri ödəyəcək”.
Follow @7timesaz