“Statistika göstərir ki, Azərbaycanda smartfon istifadəçilərinin böyük əksəriyyəti VPN üzərində “oturub””.
7Times.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz deyib. Ekspert qeyd edib ki, Azərbaycanda və Ermənistanda pulsuz mobil tətbiqlərdən hansıların daha populyar olmasını analiz edəndə vəziyyətin xoşagələn olmadığı görülür:
“Son zamanlarda bizim mobil istifadəçilərimizin yüklədikləri pulsuz mobil tətbiqlərin ilk beşliyinə “VPN”lər liderlik edir. Bu, əsasən Android platformadan istifadə edənlərlə bağlıdır. “App Store”a diqqət yetirdikdə nisbətən fərqli situasiya görülür, amma burada da “VPN”lər gözə dəyir. Ermənistan istifadəçilərinin maraq dairəsinə nəzər salanda görmək olar ki, situasiya tam fərqlidir. Orada ümumiyyətlə “VPN”” gündəmdə deyil. Şübhəsiz ki, istifadəçilərimizin “VPN”dən istifadəsinin kökündə “Tik-Tok” dayanır. Bu platforma ölkəmizdə müvəqqəti olaraq bloklanıb. Bir müddət öncə “Tik-Tok” rəsmiləri ilə görüşmüşdüm. Onlar özlərindəki statistikaya əsasən, Azərbaycanda 3 milyon “Tik-Tok” istifadəçisinin olduğunu bildirmişdilər. Bu, Azərbaycan üçün çox böyük rəqəmdir. Düşünürəm ki, “Tik-Tok”la bağlı qərar verənlərimiz bu mənzərənin fərqində olmalıdırlar”.
O.Gündüz bildirib ki, həm milli, həm də uşaqların təhlükəsizliyi ilə bağlı daha təkmil və effektiv üsullardan istifadəyə diqqət yetirilməlidir:
“Baxmayaraq ki, “Tik-Tok” rəsmiləri özlərindəki statistikaya istinadən bizdə uşaqların bu platformada az olduğunu vurğulayırlar, amma reallıqda vəziyyət fərqlidir. Fikrimcə, uşaqlar və yeniyetmələr üçün “Tik-Tok” məhdudlaşdırılmalıdır. Pulsuz “VPN”lərə görə “Tik-Tok” istifadəsi uşaqlar üçün daha ciddi risklər yaradır. Amma ciddi hüquqi əsaslar olmadan bütövlükdə bu platformaya qarşı bloklanma doğru olmazdı. Digər ölkələrdə olduğu kimi təhlükəsizlik məsələlərinin qorunması ilə bağlı bu platforma ilə əməkdaşlıq daha ağlabatan olardı”.
Follow @7timesaz