Müsahibə

Türkiyədən Qarabağın qisasını alırlar – Yücel Karauz

Türkiyədən Qarabağın qisasını alırlar – Yücel Karauzbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biz hər şeydən öncə böyük rəsmi təsəvvür etməliyik. Rusiya və Ukrayna, Kosova və Serbiya, İranla bağlı bəzi məsələlər, Amerika və Fransa səfirlərinin Şuşaya getməkdən imtina etməsi bu rəsmin bir parçasıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.

Onun sözlərinə görə, Yunanıstanı qızışdıranlar Türkiyənin bir neçə cəbhədə müharibəyə cəlb olunaraq zəifləməsini istəyirlər:

“Bir neçə gün öncə Zəfər Bayramının yüzüncü ilini qeyd etdik. Yunanıstanı ölkəmizə qarşı qızışdıranlar bizim yüz ildir ki, qələbəmizi həzm edə bilmirlər. Çünki əgər qalib gəlsəydilər, İngiltərə, İtaliya və Fransa kimi Anadolunu böləcəkdilər. Türkiyə isə yalnız orta Anadoludan ibarət ölkə olacaqdı. İndi də Türkiyə ilə Yunanıstan arasında müharibənin olmasını istəyirlər. Bunun arxasındakı güclər hansılardır? Birincisi ABŞ, ikincisi Fransa, üçüncüsü müharibələrin olmasına çalışan silah baronları, dördüncüsü hazırda daxili problemlərinə başı qarışdığı üçün qismən Almaniya və bunların siyasi, həm də dərin uzantılarıdır. Bu nöqteyi-nəzərdən baxdığımız zaman Türkiyənin yalnız daxili işlərlə məşğul olan ölkə kimi yaşamasını, əlini-ətəyini, könlünü, gözünü Liviyadan, Qafqazlardan çəkməsini, İraq və Suriyada separatçı terror təşkilatlarının qansızlığına, məzhəb təməlli bir dövlətin qurulmasını yalnız seyr etməklə kifayətlənməsini istəyirlər. Bəhs etdiyimiz məqsədə çatmağın da yolu Türkiyəni bir neçə cəbhədə müharibə aparan dövlət halına gətirməkdir. Məsələn, Moskva ilə münasibətlərimizi alt-üst etmək üçün bir neçə il öncə FETÖ-nün oyunu nəticəsində Rusiyanın təyyarəsi vuruldu. Dolayısı ilə dəfələrlə xəbərdarlıqlara və haqsız olduğu sübut olunmasına baxmayaraq, Yunanıstan öz təxribatlarına davam edir. Afina illər öncə S-300-ləri alıb. S-300 və S-400 arasında texnoloji fərqlər olmasına baxmayaraq, sistem və prinsip baxımından heç bir fərq yoxdur. F-35-ləri verməyənlər və F-16-ları verməmək üçün də min bir bəhanə axtaranlar Türkiyənin təyyarələrinin sistemlərini kilidləmək məqsədilə S-300-ləri döyüş hazırlığı vəziyyətinə gətirən Yunanıstana səslərini çıxarmırlar. Afinaya NATO-nun təhlükəsizlik kodlarının başqalarının əllərinə keçmə təhlükəsi haqqında xəbərdarlıq edən, onu təşkilat nizamnaməsinə uyğun şəkildə cəzalandıran yoxdur”.

General bəzi dövlətlərin Türkiyədən Qarabağın, Liviyanın qisasını almaq üçün Afinanı qızışdırdıqlarını, lakin Ankaranın öz maraqlarını və hüquqlarını qorumaq üçün heç nədən çəkinməyəcəyini vurğulayıb:

“Əlavə olaraq qeyd etmək istəyirəm ki, Makronun da ifadə etdiyi kimi, Ərdoğanın Putinlə danışa bilən yeganə lider olmasından, eyni zamanda Ankaranın məsuliyyəti öz üzərinə götürərək taxıl dəhlizinin açılmasından narahatdırlar. Türkiyə də Azərbaycan kimi qurulan tələlərə, oyunlara uymadan diqqətli şəkildə və beynəlxalq hüququ pozmadan akiv diplomatiya vasitəsilə özünün milli maraqlarını qorumağa çalışır. Fikrimcə, NATO bundan sonra da Yunanıstana təxribatçı əməllərinə görə heç bir sanksiya tətbiq etməyəcək. Çünki təşkilatı ABŞ idarə edir. Əvvəl parçalanma təhlükəsi ilə qarşılaşan NATO indi Vaşinqtonun sözü ilə oturub-duran təşkilata çevrilib. Bu, batmaqda olan Yunanıstan baş nazirini öz parlamentində danışdıran, ona qarşılıqsız 40 milyard dollar və silah sistemləri verən zehniyyətdir; Bu, eynilə Almaniya örnəyində olduğu kimi, Yunanıstanın bir qismini NATO çətiri, digər qismini ABŞ çətiri altına yığan anlayışdır. Hazırda Yunanıstanda NATO-nun hərbi bazalarından əlavə ABŞ-ın da yeddi hərbi bazası var. Belə davam etsə, onların sayı ölkədəki yunan hərbi hissələrinin sayını keçəcək. Bütün hallarda Türkiyə dövləti özünün təhlükəsizlik maraqlarını qoruyacaq və haqlarını müdafiə edəcək. Əsas olan qurulan tələlərə düşmədən hədəflərə nail olmaqdır. Türkiyədən Vətən müharibəsində qardaş Azərbaycana verdiyi dəstəyə və Liviyada haqsızlığın qarşısında durduğuna görə qisas alırlar. Böyük rəsmi belə görməli və anlamalıyıq. 9 sentyabrda İzmirin işğaldan qurtulmasının 100-cü ili tamam olur. Yüz il bundan öncə Şanlı Ordumuz İzmirdə işğalcı yunan ordusunu dənizə tökdü. Əgər ağıllarını başlarına yığmasalar, bu dəfə də fərqli yerlərdə yağlı bir Osmanlı şilləsi yeyəcəklərindən və eyni aqibəti yaşayacaqlarından əmin olsunlar”.