Hərbi

“UKRAYNANIN ƏKS-HÜCUMU ANİ OLMAYACAQ…” – Zelenski ilə Zalujnı arasında qarşıdurmaya dair xəbərlər nəyə xidmət edir?

“UKRAYNANIN ƏKS-HÜCUMU ANİ OLMAYACAQ…” – Zelenski ilə Zalujnı arasında qarşıdurmaya dair xəbərlər nəyə xidmət edir?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu ani hərbi əməliyyat deyil və aylarla davam edə bilər”.

“AzPolitika.info” xəbər verir ki, bunu Amerika Müharibə Tədqiqat İnstitutu(ISW) Ukraynanın cənubunda, Xerson istiqamətində davam edən döyüşlərlə bağlı son hesabatında bildirib. Amerikalı mütəxəssislər bildirirlər ki, Ukrayna Ordusu bu müddətdən düşmənin cəbhə xəttindəki həssas mövqelərini vurub sıradan çıxarmaq üçün istifadə edəcək və çalışacaq ki, dinc əhalinin yaşadığı şəhər və kəndlərdə böyük dağıntılara yol verilməsin.

İnstitutun analitikləri bildirirlər ki, Ukrayna Ordusunun Xerson istiqamətindəki əks-hücumu burada yerləşən rus qoşunlarının hücum potensialının tam deqradasiyası fonunda baş verir. Bununla yanaşı, Müharibə Tədqiqat İnstitutu bildirir ki, avqustun 29-da elan olunan əks-hücumun ani əməliyyat kimi təqdim olunması doğru deyil. Belə ki, Ukrayna rəsmiləri ilk başdan Rusiyanın Xersona topladığı birləşmələri bir neçə günə, yaxud bir-iki həftəyə məhv edə biləcək çoxsaylı mexanikləşdirilmiş hərbi birliklərə, bunun üçün gərək olan böyük miqdarda silah-sursata malik olmadığını etiraf edirdi: “Əvəzində Ukrayna Ordusu bir neçə ay ərzində Rusiya hərbi birləşmələrinin quru yollarını, silah-sursat anbarlarını, komanda idarəetmə məntəqələrini və s. dağıdaraq, əks-hücum üçün şərait yaradıb”.

İnstitutun mütəxəssisləri Rusiyanın apardığı informasiya savaşına da xüsusi yer ayıraraq bildirirlər ki, Rusiya tərəfi əks-hücum əməliyyatının elan olunduğu ilk gündəcə onun uğursuzluğa düçar olduğunu bəyan etməklə, Ukrayna cəmiyyətini ruhdan salmağa çalışır. Hansı ki, əvvəlcədən belə əməliyyatların bir neçə günə, yaxud bir neçə həftəyə reallaşmasının mümkün olmadığı bəlli idi.

 

 

Amerikalı analitiklər onu da xüsusi qeyd edirlər ki, Rusiya təbliğatçıları Prezident Volodimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələri Baş komandanı Valeri Zalujnı arasında guya qarşıdurma olduğuna dair informasiyalar yayırlar. Orada iddia olunur ki, guya Xersona başlanan əks-hücum Zelenskinin siyasi qərarıdır, Zalujnı isə bunun əleyhinədir. Həmçinin, rus təbliğatçılar və blogerlər əməliyyatın gec başladıldığına dair tezisləri önə çəkərək, guya “artıq baş vermiş” uğursuzluğun həm də bununla bağlı olduğuna dair qənaət yaratmağa çalışırlar. Bütün bunlar isə Ukrayna rəhbərliyinin etibarsızlaşdırılması və cənubdakı əks-hücum əməliyyatlarına kölgə salınması məqsədi daşıyır.

Sözügedən institut Ukraynanın işğal altındakı ərazilərində yerləşən rus ordusu barədə də maraqlı məlumatlara yer verib. Belə ki, Rusiyanın işğal altındakı ərazilərdə dərs ilinin başlanmasından öz hərbi məqsədləri üçün istifadə etməyə çalışdığı bildirilir. Az öncə Rusiya tərəfi guya sentyabrın 1-də Ukrayna Ordusunun işğal altındakı ərazilərdə yerləşən orta məktəbləri bombalayacağına dair məlumat yayıb. Hətta vurulacaq məktəblərin siyahısını dərc edib. Müharibə Tədqiqat İnstitutu hesab edir ki, bu cür informasiyaların Rusiya Müdafiə Nazirliyi və digər rəsmi orqanlar tərəfindən yayılması üç məqsədə xidmət edə bilər:

Birinci və ən təhlükəli ssenari odur ki, Rusiya özü həmin ərazilərdəki təhsil strukturunu məhv etməyə və bunu Ukraynanın üzərinə atmağa hazırlaşır.

İkinci ssenariyə görə, Rusiyanın məqsədi işğal olunmuş ərazilərdə əhalinin Rusiyanın nəzarətinə keçən məktəblərə uşaq göndərməkdən imtina etməsini ört-basdır etməkdir. Yəni, əhali guya rusların nəzarətindəki məktəblərə uşaq göndərmək istəyir, lakin təhsil ocaqlarının ukrayna tərəfindən bombalanacağından qorxduğu üçün uşaqlarını məktəbə göndərmir.

Nəhayət, üçüncü versiyaya görə, Rusiya bilərəkdən o məktəblərin siyahısını dərc edir ki, onların çoxunda öz canlı hərbi qüvvəsini və silah-sursat toplayıb. Həmin siyahının dərc edilməsi isə bu məktəblərin Ukrayna tərəfindən vurulmasının qarşısını ala bilər. Belə ki, bu, sonradan dinc əhalinin, uşaqların bombalanması kimi qələmə veriləcək.

İnstitutun daha bir məlumatında deyilir ki, Rusiya canlı qüvvə sarıdan çəkdiyi qıtlığı işğal olunmuş ərazilərdə yaşayan əhali hesabına doldurmaq istəyir. Belə ki, artıq həmin ərazilərdə yerləşən Ukraynaya aid həbsxanalarda Ukrayna məhkəmələrinin məhkum etdiyi məhbusların rus silahlı birləşmələrinə cəlb edilməsi işləri aparılır. Məlum olduğu kimi, Rusiya öz ərazisində artıq bu üsuldan istifadə edib və həbsxanalardakı cinayətkarların bir qismini vaxtından əvvəl azadlıq və pul müqabilində Ukraynadakı döyüşlərə cəlb etməyə başlayıb. İndi eyni prosesin işğal altındakı ərazilərdə aparıldığı bildirilir.

Göründüyü kimi, Rusiyanın başlatdığı Ukrayna müharibəsi getdikcə uzanan, heç bir beynəlxalq konvensiyaya, müharibə qaydalarına, mənəvi, əxlaqi dəyərlərə, hərbçi şərəfinə və s. məhəl qoyulmayan çirkin savaşa dönür. Bundan ən çox əziyyət çəkən isə Ukrayna dövləti və xalqıdır. Eyni zamanda da Qərb gücləri bu savaşın mümkün qədər tezliklə və Ukraynanın qələbəsilə başa çatması üçün lazım olan dəstəyi göstərməkdən müxtəlif bəhanələrlə yayınmaqda davam edir…