“Evlənməmişdən əvvəl cütlüklərin eyni evdə qalaraq bir-birlərini tanıması bizim mentalitet üçün uyğun deyil. Təsəvvür edin, cəmiyyət xüsusilə həmin qızlar barədə nələr deyər, nə düşünər?! Bura Avropa deyil. Avropada Mameddən xoşu gəlməyən Əhmədin və ya başqasının yanına gedir. Bu, onlar üçün problem yaratmır. Azərbaycanda qızla oğlanın bir-birini tanıması üçün onlar görüşə, ailələrini tanış edə bilərlər. Hətta bir-birlərini qonaq çağıraraq münasibətləri yaxşılaşdırmaq olar”.
7times.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Eldar Quliyev deyib.
Erkən boşanmalar mövzusunda danışan parlament üzvü bildirib ki, cütlüklərin eyni evdə qalaraq bir-birlərini yaxından tanımağa çalışmaları erkən boşanmaların qarşısını alan tədbirlərdən deyil:
“Belə olan halda, qeyri-qanuni uşaqlar dünyaya gələ bilər. Sonra kişi və ya qadın partnyorunu deyil, başqasını sevdiyini deyib getsə, necə olacaq?! Evlənməmişdən əvvəl cütlüklərin yaxından tanışlıq məqsədilə eyni evdə qalması yaramaz. Qərb üçün uyğundur, çünki onlar üçün 50 nəfərlə görüşdükdən sonra 51-ci ilə evlənməkdə problem yoxdur”.
E.Quliyev, həmçinin qeyd edib ki, yaşı 18-dən aşağı olan qızların ailə qurması düzgün deyil:
“Həmin yaşda qız hələ həyat görməyib, həyatın nə olduğunu bilmirsə, həyat yoldaşını nə biləcək?! Bundan başqa, kənd yerlərində qızlar bəzi hallarda təhsil uzaqlaşdırılırlar, V-VI-VII siniflərdə məktəbdən çıxarılırlar. Bu hal xüsusilə cənub zonasında daha çox yayılıb. Valideynlər qızı bəyənib, sonra gətirirlər, 6 aydan, bir ildən sonra deyirlər ki, ərlə arvad yola getmir. Boşanmaların sayı da günü-gündən artır. Valideynlər imkan vermirlər ki, övladları 5-6 il evli qalıb, bir-birini daha yaxşı tanısınlar”. /Pravda.az
Follow @7timesaz