Hacıyev Eyvaz Rövşən oğlu 1988-ci ildə Xaçmaz rayonunun Mənçəroba kəndində doğulub.
7times.az xəbər verir ki, o, 2014 -2018-ci illər ön cəbhədə xidmət edib. 2018-ci il aprel ayının 4-də hərbi həkim komissiyasının qərarına əsasən sağ qulağın 2.5 m, sol qulağın eşitməməsi ilə ehtiyata buraxılıb. Keçmiş hərbçimizin hazırda 10% eşitməsi qalıb. Təəssüf ki, sağlamlığını hərbi xidmətdə itirən, 4-cü dərəcəli ağır eşitmə ilə yaşayan Eyvaz Hacıyevə yardım edib əlillik təyin etmək əvəzinə 5 dəfə imtina edilib.
Eyvaz Hacıyevin 7times.az-a verdiyi məlumata görə, xidmətdən təxris olduqdan sonra onda 2-ci mərhələli xroniki böyrək xəstəliyi yaranıb.
Təəssüf ki, bu günə kimi hər dəfə bir bəhanə tapılaraq, Vətən keşiyində sağlamlığını itirmiş Eyvaz Hacıyevə imtina verilir. Son 2 dəfə sənədləri qaydasında olsa da, imtinada bildirilir ki, natamam doldurulur.
Baş idarələrinin bəhanələri səbəbindən Xaçmaz rayon poliklinikası bütün sənədləri qaytarıb, onu başa salıb ki, sənədləri “yuxarıdakılar” sistemə vurmalıdır. Çarəsiz qalan Eyvaz Hacıyev 2 fevral 2021-ci il tarixində Əlillərin Bərpa Mərkəzinə gedib.
Mərkəzdən ona bildiriblər ki, sənədlər sistemə düz vurulmayıb. Lakin Eyvazın israrını, bütün sənədlərin qaydasında olduğunu görüb, söz tapmayıblar, onu başlarından etmək üçün hərbçilər üçün olan komissiyaya göndəriblər. Eyvaz komissiyanın vaxtını soruşanda bildiriblər, özləri xəbər edəcək. 1 ay keçsə də, nə bir xəbər, nə də bir zəng yoxdur.
Qeyd edək ki, 2019-cu ilin aprel ayından bu vaxta qədər 5 dəfə imtina alan keçmiş hərbçi heç yerdə işləmir, eşitmə aparatı almağa belə imkanı yoxdur.
Müşfiq Qərib
Follow @7timesaz