“Prezidentin yüksək vəzifə tutan bir neçə hökumət üzvünü tənqid etməsi cəmiyyətdə böyük əks-səda doğurub”.
7times.az xəbər verir ki, bunu deputat Zahid Oruc parlamentdə çıxışında deyib.
O qeyd edib ki, indi Şuşa və bütün Qarabağ hər bir hakimiyyət təmsilçisinin fəaliyyətini qiymətləndirmək üçün bir barometrə çevrilib: “Halbuki ötən illər ərzində üç nazirin və yeddi icra hakimiyyəti rəhbərinin cəzalandırılması, 2015-ci ildə MTN-in ləğvi, iqtisadiyyat, sosial və nəqliyyat sahələrində, o cümlədən 2019-cu ildə hər üç hakimiyyət qolunda əsaslı dəyişikliklərin aparılması dövlət başçısının kadrlara münasibətdə həmişə sərt tələblərlə yanaşdığını sübut edir. Lakin bir qism siyasət, media və şəbəkə adamlarının dövlət başçısının məqsədlərini təhrif edərək “bütün məmurlara nifrət” yağdırması, ölkəmizi məğlub Ermənistanın hakimiyyəti ilə az qala bir sırada göstərməsi yolverilməzdir.
Əlbəttə, kimsə külli miqdarda dövlət vəsaitini mənimsəyibsə, o, əməllərinə cavab verəcək. Lakin yüksək çinli şəxsləri tənqid edərkən on illər ərzində əldə olunan bütün uğurları inkar etmək, xüsusilə də Vətən müharibəsində qələbəmizə zərbə vurmaq qəbuledilməzdir. Üç-beş nazir dövlət demək deyil. Dünyada belə analogiya yoxdur. Bir nazir ucbatından on minlərlə dövlət qulluqçusunu oğru, quldur, talançı adlandıranlar Qarabağ məsələsi həll olunduğu üçün son silaha əl atıblar: məmur məsələsi!
Prezidentin xarakteri və idarəçilik siyasətini izləyənlər bilir ki, o, millətin iradəsini, ictimai fikri öz siyasətində nəzərə alır, lakin dövlət vəzifələrinə təyinatları, yaxud çıxarılmaları küçə və meydanların, virtual aləmin təzyiqi altında həyata keçirmir. Müqayisə üçün, Mixail Saakaşvili bir neçə il ərzində hökuməti 4 dəfə dəyişmişdi və hamı onu Sovet mirasını ləğv edib xalq hakimiyyətini quran lider adlandırırdı. İndi informasiya məkanımızda tüğyan edən “köhnələr və yenilər, xaricdə təhsil alanlar və yerli diplom daşıyıcıları, rusofillər, yaxud qərbpərəstlər, 5-ci, yoxsa 6-cı kolon təmsilçiləri” bölgülərini dövriyyəyə çıxaranların iki məqsədi var: Birincisi, 30 il əvvəl partiya-sovet rəhbərlərini və dövlət aparatını iflic etdikləri kimi müharibəni qazanan bir hakimiyyətin resurslarını xarici hədəflərdən çəkindirib daxildə artan gərginliyə və süni qarşıdurmalara yönəltmək. İkincisi, Prezidentin yeni hakimiyyət quruculuğunun qarşısını almaq! Bəli, dövlət başçısının tənqidi hamı üçün bir siqnaldır. Ona görə də təklif edirəm ki, Amerikanın dövlətçilik ənənəsində əsrlərdir davam edən, bizdə də siyasi vəzifə tutan nazirlər də hakimlər və dövlət qulluqçuları kimi and içsinlər”.
Follow @7timesaz