Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların şəxsi heyətini təbrik edib.
Bu barədə 7times.az–a DİN-in Mətbuat xidmətindən məlumat verilib.
V.Eyvazov təbrikində bildirilib ki, yarandığı gündən şərəfli bir xidmət yolu keçən, respublikanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət və qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında formalaşaraq dövlətçiliyin sütunlarından birinə çevrilib:
“Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin əvəzsiz diqqəti və qayğısı sayəsində bu gün davamlı inkişafda olan Qoşunların döyüş hazırlığı, təchizatı, şəxsi heyətinin xidmət şəraiti, sosial müdafiəsi yüksək səviyyədədir. Öz andına sadiq olan hərbçilərimizin respublikada ictimai asayişin və daxili təhlükəsizliyin qorunmasında, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsində, bütövlükdə qarşıya qoyulan xidməti-döyüş tapşırıqlarının icrasında professionallığı və qətiyyəti özünü Vətən müharibəsi dövründə bir daha təsdiqləyib. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan əks-hücüm əməliyyatlarında fəal iştirak edən Qoşunların hərbçiləri Şuşa şəhərinin, Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının işğaldan azad olunmasında mərdlik, igidlik və qəhrəmanlıqlar göstərib, yüksək dövlət təltiflərinə layiq görülüblər. Qanunla müəyyən edilən vəzifələrin icrasında fərqlənən bir qrup hərbi qulluqçunun möhtərəm Prezidentin sərəncamları ilə bu peşə bayramı ərəfəsində də mükafatlandırılması zati-alilərinin Qoşunların şəxsi heyətinin xidmətlərinə verdiyi ali dəyərin və etimadının əyani ifadəsidir.
Daxili Qoşunların yaranmasının 29-cu ildönümü münasibətilə sizi, həmçinin hörmətli veteranlarımızı, şəhid olan hərbi qulluqçuların ailə üzvlərini ürəkdən təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, Azərbaycan Respublikasına xidmətdə uğurlar arzulayıram!”
Follow @7timesaz