Məlumat verdiyimiz kimi, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. Onun üzv olduğu cinayətkar dəstə dekabr ayında Xocalı rayonunun Meşəli kəndində 25 nəfər azərbaycanlını öldürüb, 14 nəfərə xəsarət yetirib, 358 nəfər azərbaycanlını isə qanuni yaşadıqları yerdən didərgin salıblar.
Xüsusilə ağır cinayətlərdə ittiham olunan Xaçaturyan Vaqif Çerkezoviçi neçə il həbs cəzası gözləyir?
7Times.az “Qafqazinfo”ya istinadən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş maddələrin açılışını və sanksiya həddlərini təqdim edir.
Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
CM-nin 103-cü (Soyqırımı-hər hansı milli, etnik, irqi və ya dini qrupu, bir qrup kimi bütövlükdə və ya qismən məhv etmək məqsədilə qrup üzvlərini öldürmə, qrup üzvlərinin sağlamlığına ağır zərər vurma və ya onların əqli qabiliyyətinə ciddi zərər vurma) maddəsinin sanksiyasında 14 ildən 20 ilə və ya işin hallarından asılı oladaq ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Eyni məcəllənin 107-ci (Əhalini deportasiya etmə və ya məcburi köçürmə-əhalini qanuni yerləşdiyi yerlərdən başqa ölkəyə qovma və ya digər məcburi hərəkətlərlə didərgin salma) maddəsi ilə təqsiri sübuta yetirilən şəxsi isə 10 ildən 15 ilə kimi azadlıqdan məhrumetmə cəzası gözləyir.
Hər iki maddə xüsusilə ağır cinayətlər kataqoriyasına aiddir. Beləliklə, Xaçaturyan Vaqif Çerkezoviç məhkəmə hökmü ilə təqsirli bilinəcəyi halda cəzaların qismən toplanması yolu ilə 20 il və ya ömürlük azadlıqdan məhrum ediləcək.
Follow @7timesaz