Ötən gün uzunsürən xəstəlikdən sonra dünyasını dəyişən Xalq artisti, Prezident təqaüdçüsü Ramiz Novruzla vida mərasimində həmkarı xalq artisti Əli Nurun çıxışı müzakirələrə səbəb olmuşdu. Belə ki, o, R.Novruzun dəfnində Mədəniyyət Nazirliyinin heç bir nümayəndəsinin iştirak etmədiyini və aktyora laqeyd münasibət göstərildiyini qeyd edib.
Məsələylə bağlı xalq artisti Əli Nurla əlaqə saxladıq. O 7Times.az-a açıqlamasında dəfn mərasimində dediyi fikirlərə aydınlıq gətirib:
“Bu elə məsələdir ki, o məsələyə aktyorların münasibəti düz olmaz. Biz dünən münasibət bildirmişik. Dünən nazirliyin nümayəndələri də gəlmişdi. Biz elə bildirdik ki, dəfn mərasimi saat 2-də olacaq. Amma 15.30-da oldu. Ona görə də nazirliyin işçiləri gec gəldi. Bizim təzə nazirimiz Adil Kərimli çox diqqətlidir. Onun bizə qarşı diqqəti yüksək səviyyədədir. Ümidvaram ki, bütün bu işlərin hamısı yoluna qoyulacaq. Vaxt gələcək, xalq artistlərinin hamısı səhnədən götürüləcək. Onların hamısı ölkə başçısının nəzarətindədir. Hər şey yaxşı olacaq. Mən belə fikirləşirəm. İnanıram ki, bu belə də olacaq”.
Xalq artisti məsələni sükutla qəbul etməyimizi vurğulayıb:
“O ki qaldı Ramiz Novruza, xalq artistimiz üçün dövlət nə lazımdırsa edib. O üç il ərzində dövlət tərəfindən müalicə edilib, xalq artisti adı verilib və prezident təqaüdü alıb. Dövlət tərəfindən ona iki dəfə mənzil verilib. Əcəl Allahın əcəlidir. Heç kim bundan qaça bilməz. Heç kim bilmir ki, kimin başına sabah nə gələcək…Ona görə də xahiş edirəm ki, bu məsələni bir az çox şişirtməyək. Bu məsələni bir az sükutla qəbul edək. Yenə də deyirəm ki, hər şey dövlətin nəzarətindədir. Hər şey yaxşı olacaq. Xalq və əməkdar artistlərinin hamısı qiymətlərini alacaq. Hamısı da səhnədən götürüləcək. Bunu sizə söz verirəm”.
7Times.az
Follow @7timesaz