Mərhum Yaşar Nurinin ailəsi maddi baxımdan çətinlik yaşayır.
7times axşam.az-a istinadla xəbər verir ki, bu barədə “Günün sədası” verilişində danışılıb. Xalq artistinin qızı Ülkər Yaşarqızı artıq bütün əşyalarını satdığını etiraf edib:
“İki telefonumu satmışam. Bahalı telefonum var idi, onu satdım, ucuzunu aldım. Sonra onu da satdım, daha ucuzunu aldım. İki dənə komplektim var idi, onları da satmışam. Artıq satmağa bir şey yoxdur. Mən nəyi satım?
Artıq utanıram. Mən Yaşar Nurinin qızıyam. Mən bilirsiniz necə yaşamalıyam?! Olsun çətinlik. Hamının çətinliyi olur, amma bu çətinlikdən bir çıxış yolu tapmaq lazımdır da”.
Sənətkarın həyat yoldaşı Rəhimə xanım isə bu ilin sentyabrında sənətkarın 70 illiyində mədəniyyət qurumları tərəfindən heç bir diqqət görmədiyini bildirib:
“Ayın 2-də (sentyabr ayı – red.) zəng gözləyirdim. Heç yaxın adamlarımdan da zəng almadım. Teatra zəng vurub dedim ki, sabah Yaşarın ad günü olduğunu bilirsiniz? Dedilər ki, Rəhimə xanım bilirdik, sadəcə kollektivi indi yığa bilmirik, ola bilsin, birigün gəldik, qəbri üstdə qeyd edərik, xahiş edirəm, siz də gəlin. Mən nə deyə bilərəm. Amma ayın 3-də qəbri üstdə mən tək idim. Qızlarım ayrı gedib, onlarla gedəndə pis oluram. Pul toplayıb qəbrin üstünə gül qoyduq, bu qədər.
Follow @7timesaz