Ölkə

Xəbərini görəndə ağlıma oğlum Vaqif gəldi 16 yaşlı gəncin qətlinə sərt mövqe

Xəbərini görəndə ağlıma oğlum Vaqif gəldi – 16 yaşlı gəncin qətlinə sərt mövqebackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Saçları oğlumun saçları kimi qıvrım, məşğul olduğu idman növü də oğlumun məşğul olduğu idman növü ilə eyni. Hələ gülümsəməsi…
 
“7Times.az” xəbər verir ki, bunu jurnalist Jalə Həsənli sosial şəbəkə hesabında 16 yaşlı cüdoçu Turan Rüstəmovun qətlə yetirilməsinə münasibət bildirərkən deyib. Jurnalist baş vermiş xoşagəlməz hadisəyə sərt münasibət bildirib:

“16 yaşlı Turan Rüstəmovun idman arenasında bıçaqlanaraq qətlə yetirilməsi xəbərini görəndə ağlıma oğlum Vaqif gəldi. Min bir çətinliklə övlad böyüt, əziyyət çək, nəticədə hansısa “qolu zorlu bomba oğlan” bir heçin üstündə övladının həyatına son qoysun. Nə edək? Ağlının yox, qolunun gücünə güvənən insanların əlindən bu dünyaya övlad gətirməyək? Qız gəlir, kiminsə ehtirasının qurbanına çevrilir, oğlan da kiminsə əsəbinin badına gedir. Yaşamaqdan, xəyal qurmaqdan, gələcək arzulamaqdan soyudursunuz insanı. Bir anlıq əsəb, hirs ilə həm başqasının həyatına son qoy, həm də öz həyatını puç et. Dəydimi? Bəziləriniz oğul övladlarınız dünyaya gələndə çılpaq ortalıqda gəzdirirsiniz, cinsiyyəti ilə fəxr edirsiniz, “söy filankəs əmini”, “qələt edir, şilləni qoy qulağının dibinə”, “sən kişisən, üzr istəmə”, “kişisən də, əlbəttə, “çestivə” dəyən olsa, vur öldür” deyib böyütdüyünüz oğullarınızın sayəsində yaşayırıq bütün bəlaları”.

Jalə Həsənəli qeyd edib ki, 20 yaşlı gəncin cibində soyuq silah gəzdirməsi acınaqlı vəziyyətdir:

“Bilmirəm, qətli törədən Ruslan Səfixanovu belə böyüdüblər ya yox. Böyütməmişdilərsə, 20 yaşlı gənc niyə cibində soyuq silahla gəzsin ki? Nədir bu kriminal aləmə olan maraq? Ruslanın bıçaqla o arenaya girişinə icazə verilməsi də ayrı bir boşluqdur. Niyə mühafizə xidməti mübahisə yarananda yox, ölüm hadisəsi baş verəndən sonra orada idi? Mübahisənin qarşısı niyə vaxtında alınmırdı? Orada o qədər adam var idi, biri araya girə bilmirdi? Amma doğurdan da, onların da başı telefonla çəkiliş etməyə qarışmışdı. 2 gün danışacağıq, yenə unudulacaq, sonra da başqa bənzər qətllər törədiləcək. “Əsəbi olub edib, Allah şeytana lənət etsin” deməklə keçib getmir, vallah. Heç bir peşmanlıq öləni geri qaytarmır. Allah sizə lənət etsin ki, vaxtında əsəb və stresi cilovlamağı, “yola verməyin” əskiklik olmadığını, ən əsası danışmaqla hər şeyi həll edə biləcəyini övladınıza öyrətməmisiniz!”