Bu ilin yanvar-oktyabr aylarında ölkənin pərakəndə ticarət şəbəkəsində istehlakçılar ümumilikdə 52 milyard 615,7 milyon manatlıq məhsul alıblar. Bunun 28,6 milyard manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 23,9 milyard manatı isə qeyri-ərzaq mallarının satışına aiddir.
Rəsmi məlumatlara görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8% artıb. Artım ərzaq qrupunda 1,3%, qeyri-ərzaq mallarında isə 6,7% təşkil edib.
İstehlakçıların ticarət şəbəkəsində xərclədiyi vəsaitin strukturunda dəyişikliklər də diqqət çəkir. Alıcıların aylıq xərclərinin:
– 50,4%-i ərzaq məhsullarına;
– 4,1%-i içkilər və tütün məhsullarına;
– 14,3%-i geyim, ayaqqabı və toxuculuq məhsullarına;
– 6%-i yanacağa;
– 4,9%-i elektrik malları və mebellərə;
– 2,4%-i əczaçılıq və tibbi məhsullara;
– 1,4%-i kompüter və çap məhsullarına;
– 16,5%-i isə digər qeyri-ərzaq mallarına yönəlib.
Hesabat dövründə ölkədə bir nəfər ay ərzində orta hesabla 513,8 manatlıq alış-veriş edib. Bunun 279,9 manatı ərzaq və içki məhsullarının, 233,9 manatı isə qeyri-ərzaq mallarının payına düşür.
Follow @7timesaz


