“Son illər xəzər dənizində suyun səviyyəsində azalmalar ciddi narahatlıq doğurur. Ekoloji problemlər bir çox sahələrə mənfi təsir göstərir”. Bunu Bakıda keçirilən “Iqlim dəyişmələri şəraitində xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev deyib. SOCAR-ın vitse-prezidenti Xalik Məmmədov isə suyun səviyyəsində azalmaların SOCAR üçün problemlər yaratdığını bildirib. Xəzəryanı ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə xəzər dənizində dayazlaşmanın qarşısını almaq üçün xarici və yerli mütəxəssislər tərəfindən müzakirələr aparılıb.
”Xəzər regionu həll olunmamış ekoloji problemlərin mənfi təsiri ilə bağlı bir sıra çətinliklərlə üzləşir”. Bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Bakıda keçirilən “İqlim dəyişmələri şəraitində xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda beynəlxalq konfransda videoformatda çıxışı zamanı deyib. Nazir qeyd edib ki Xəzər dənizində suyun səviyyəsində azalmalar sahilboyu zonaların vəziyyətinə və iqtisadiyyatın dənizlə bağlı olan bir sıra sahələrinə mənfi təsir göstərir. Vurğulayıb ki, regional əməkdaşlığın, xüsusilə ekoloji problemlərin həllində Xəzəryanı ölkələrin səylərinin birləşdirilməsi vacibdir.
Konfransda çıxış edən SOCAR-ın vitse prezidenti Xalik Məmmədov bildirib ki, Xəzərdə suyun səviyyəsinin enməsi istehsalat sahələrinin normal rejimdə istismarına mane olur.
Bildirilib ki, 2005-ci ildən başlayaraq Xəzərin səviyyəsi ildə 10 sm enir. Bu dəyişmə 25-30 il davam edərsə Xəzərin Şimal-Şərq hissəsi Aral dənizinin aqibəti ilə üzləşə bilər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəsmisi Mehman Axundov isə bildirib ki, qlobal istiləşmə, temperaturun artması və digər əlaqəli amillər Xəzər dənizində suyun səviyyəsinin dəyişməsinə səbəb olur. Xidmət rəisi Xəzər dənizində son illər balıq ehtiyatlarının azalmasına da diqqət çəkib.
Tədbirdə ekoloji fəlakətin səbəblərinin aşkar edilməsi və Xəzərin bundan sonrakı dayazlaşmasının qarşısını almaq üçün atılacaq addımlar müzakirə edilib.