Maraqlı

Xınalıq dünyada “Ən yaxşı turistik kənd” adına namizəddir

Xınalıq dünyada “Ən yaxşı turistik kənd” adına namizəddirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümumdünya Turizm Təşkilatının (United Nations World Tourism Organization – UNWTO) elan etdiyi “Ən yaxşı turistik kənd” müsabiqəsinə Azərbaycandan Xınalıq kəndinin namizədliyi irəli sürülüb.

7Times.az  xəbər verir ki, təşkilatın bu layihəsinin əsas məqsədi kənd ərazilərində turizmin inkişafı üzrə ən yaxşı nümunələri üzə çıxarmaq, həm də uzun illər boyunca öz unikallığını, mədəni-tarixi irsini qoruyan, bununla yanaşı, həm də müasir turizmin tələblərinə cavab verən kəndləri aşkarlamaqdır.

Dünya əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunan Xınalıq kəndinin ərazisində 2007-ci ildə “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu yaradılıb. 2020-ci ildə “Xınalıq, orta əsr dağ kəndi” adı ilə YUNESKO-nun Ümumdünya İrsinin İlkin Siyahısına daxil edilib. Hazırda YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün nominasiya faylının yazılması prosesi davam etdirilir.

Qədim tarixə malik olan Xınalıq kəndində arxeoloji qazıntı və elmi-tədqiqat işləri aparılır. Hazırda 3 hektardan çox ərazini əhatə edən “Kima Liqebiriş” adlı qədim qəbristanlıqda qazıntılar davam edir. Qazıntı zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri hazırda qoruğun elmi fondunda saxlanılır və onların bir hissəsi Xınalığı ziyarət edən yerli və xarici turistlərə nümayiş etdirilir. Bundan əlavə, kənddə aşkarlanmış qədim epiqrafik abidələr və nadir əlyazmalar öyrənilir. Kənd ərazisində yerləşən dini abidələr – pirlər və ziyarətgahların qeydiyyatı aparılır.

Xınalıq kəndinin mədəni irs elementlərindən biri də özünəməxsus memarlıq üslubudur. Bu üslubu qorumaq məqsədilə kənd ərazisində qəza vəziyyətində olan, uçqunlar nəticəsində təhlükəli vəziyyətə düşən evlərin təmir və bərpa prosesi aparılır. Vətəndaşların müraciətlərinə əsasən hazırda Xınalıq kəndində 16 evin təmir işləri davam etdirilir.

Qeyd edək ki, UNWTO-nun keçirdiyi müsabiqənin nəticələri bu ilin sonunadək Mərakeşdə keçiriləcək 24-cü illik sessiyada elan olunacaq. UNWTO-nun “Ən yaxşı turistik kənd” nişanını qazanan kəndlər modernləşmə proqramında daxil ediləcək.