Aktual

“Xomeyni ağa elə-belə adam deyil…” – Meyxanaçılar Rəşad Dağlı olayından danışdılar

“Xomeyni ağa elə-belə adam deyil…” – Meyxanaçılar Rəşad Dağlı olayından danışdılarbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış meyxanaçı Rəşad Dağlı paylaşdığı üzr videosuna görə sosial şəbəkə istifadəçilərinin tənqid obyektinə çevrilib. Belə ki, R.Dağlının Masallıda keçirilən toy mərasimindəki meyxana deyişməsində “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı” misrasını səsləndirməsinin ardınca işlətdiyi ifadələrə görə üzr istəməsi və bunu sosial şəbəkədə paylaşması birmənalı qarşılanmayıb.

Maraqlıdır, Rəşad Dağlının bu hərəkətinə sənət yoldaşlarının münasibəti necədir?

Mövzu ilə bağlı Gundem.az-a danışan meyxanaçı Mahir Cürət deyib ki, Rəşad üzr istəyibsə, demək haradasa səhvi olub:

“Mən iki ildir həbsdən çıxmışam. Daha sonra ayaqlarım tutuldu. Bu müddət ərzində sənət yoldaşlarımın biri də zəng edib mənimlə maraqlanmadı. Nə Rəşad, nə də bir başqası mənimlə maraqlanmadığı üçün mən də bu gün onlarla maraqlanmıram. O ki qaldı sualınıza, sözün düzü, həmin meyxananı dinləməmişəm, ancaq mənim də qulağıma belə bir şey gəlib çatdı.
Ümumiyyətlə Xomeyni ağa elə-belə adam deyil. Meyxana deyən zaman Xomeyni ağanı, Behcət ağanı dilə gətirmək doğru deyil. Bəzi əlçatmaz şeylər var ki, onları demək olmaz. Rəşad elə-belə üzr istəməz. Səhv edib ki, üzr  istəyib. Üzr istəyib, səhvini etiraf edibsə, onu bağışlamaq olar”.

Xanım meyxanaçı Samirə Yusifqızı da düşünür ki, üzr istəmək eyib deyil:

“Bilirsiniz, meyxanada hər şey olur. Bədahətən deyilən meyxanada, xüsusilə də deyişmə əsnasında bu kimi hallar tez-tez olur. Mən Rəşadın üzr istəməsində pis nəsə görmürəm. İnsanların reaksiyası, narazılığı bunu tələb edirsə, bunu da etmək lazımdır. Sənətkar tamaşaçısının istəyinə uyğunlaşmalıdır”.

R. Dağlının yaxın sənət yoldaşlarından olan Mehman Əhmədli deyib ki, Rəşada heç kəs təzyiq etməyib ki, o üzr videosu yaysın:

“Bu onun öz qərarıdır. Yəni onun belə bir addım atmasında heç bir kənar təsir olmayıb. Rəşad ümumiyyətlə ağıllı oğlandır. O nə edibsə özü düz bilib, edib. Yəni meyxananı deyib daha sonra da məsləhət bilib ki, belə etsə daha yaxşı olar.  Rəşadın etdiyində heç bir qəbahət yoxdur. Ümumiyyətlə mən başa düşə bilmirəm ki, ondan nə gözləyirdilər? Rəşad çıxıb deməliydi ki, düz eləmişəm? Bir halda ki, o dediyi sözün yanlış olduğunu hiss edib və buna görə üzr istəyib, burada heç bir qəbahət yoxdur”.

Meyxanaçı Tərlan Novxanı isə deyib ki, R. Dağlının işlətdiyi misraya görə üzr istəməsini və bunu sosial şəbəkədə paylaşmasını tənqid etmək doğru deyil:

“Rəşad nəsə bilir ki, çıxıb üzr istəyir. Hər halda o özü ən doğru qərarı verib. Bunun xaricində nəsə demək doğru deyil”.

Meyxanaçı Ağamirzə də Rəşad Dağlının üzr istəməsini normal qarşıladığını bildirib: “Üzr istəmək pis bir hərəkət deyil. Nə var ki, bunda?”.