Son zamanlar yayılan qeyri-rəsmi məlumatlara görə, Azərbaycanda yanvar ayında növbəti dəfə devalivasiya baş verə bilər. Yayılan iddialara görə, dollar 2 manata qədər yüksələcək, müxtəlif oktanlı benzinin, hətta dizel yanacağının qiyməti də bahalaşacaq.
Bəs görəsən bu iddialar nə dərəcədə realdır? Ölkədə devalivasiya gözlənilirmi?
Mövzu ilə bağlı açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan manatının rəsmi məzənnəsi inzibati qaydada tənzimlənir və bizdə bazar iqtisadiyyatı qanunları çalışmır. Yəni manatın məzənnəsi nə birjalarda, nə gündəlik onlayn valyuta satışlarında müəyyənləşdirilmir: “Manatın məzənnəsi Mərkəzi Bankın inzibati tənzimləmə mexanizminə görə tənzimlənir. Bizdə manata təsir edən əsas amil neft qiymətləridir. Neft qiymətlərinin hələlik çox yüksək səviyyədə olması, manata bəlli dərəcədə sabitlik gətirib. Bunu nəzərə alsaq, əgər inzibati qaydada dəyişiklik olmasa, o zaman məzənnənin dəyişdirilməsinə lüzum yoxdur. Təhlükəli məqamlardan biri ondan ibarətdir ki, manatın dəyəri yerində qalsa da, alıcılıq qabiliyyəti sürətlə aşağı düşür. Yəni infilyasiya proseslərinin daha sürətlə getməsi, ən azı devalivasiya qədər təhlükəli bir prosesdir. Ona görə də, biz fərqli gedişatın şahidi oluruq”.