Aktual

Yeni təyin olunan icra başçıları haqqında BİLİNMƏYƏNLƏR: Könüllü gənc, startapçı məmur

Yeni təyin olunan icra başçıları haqqında BİLİNMƏYƏNLƏR: Könüllü gənc, startapçı məmurbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün bir neçə rayonun icra başçılarını işdən azad edərək, onların yerinə yeni təyantlar edib.
Belə ki, Əkbər Bəxtiyar oğlu Abbasov Lerik Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Bu sərəncama qədər Lerikdə icra başçısı postu boş qalmışdı. Sonuncu icra başçısı Rövşən Bağırov Ağsu rayon icra başçısı vəzifəsinə təyin edilmişdi.

Prezidentin digər bir sərəncamı ilə, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Elvin Nazim oğlu Paşayev təyin edilib. Yeni başçı təyinatına qədər Göygöl rayonunda da uzun müddətdir ki bu post boş qalmışdı. Əvvəlki başçı Arif Seyidov bu ilin may ayından tutduğu vəzifədən azad edilmişdi.
Prezident Masallıya da yeni icra başçısı təyin edib. Sərəncama görə, əvvəlki  başçı Şahin Kərim oğlu Məmmədov vəzifəsindən azad edilib. Onun yerinə Araz Süleyman oğlu Əhmədov Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
AZXEBER.COM prezidentin təyin etdiyi yeni icra başçıları ilə bağlı bir neçə məlumat əldə edib. 
İlkin araşdırmalara görə, hər üç şəxsin heç biri bundan öncə hansısa icra hakimiyyəti strukturunda çalışmayıb. Onlar müxtəlif vəzifələri icra ediblər.
Lerikə təyin olunan Əkbər Abbasov buna qədər Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiyalar Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, Aqrar İnnovasiyalar Mərkəzinin direktoru olduğu zamanlarda müxtəlif startap layihələrini icra edib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Elvin Paşayev bundan öncə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdiri vəzifəsində çalışıb. Yeni icra baçşçısı uzun müddət maliyyə sektorunda çalışsa da, könüllülük fəaliyyəti ilə əmək fəaliyyətinə başlayıb. O, “Könüllük: Uğur formulu” adlı kitabının həmmüəlliflərindən biridir.
Yeni başçı müsahibələrinin birində rayondan şəhərə gəldiyini və burada uğur qazanmaq üçün özünə məqsədlər qoyduğunu bildirib: “Rayonda təhsil almağımızın, orda öyrəndiklərimizin başqa avantajları var. Amma rayon və şəhər mühiti fərqli idi. Rayondan gəlib özünü Bakıda sübut etmək məntiqi ilə çalışırdım. O mərhələləri keçib, bu gün müəyyən yerə gəlməyimizin bir səbəbi də mövcud qaydaları izləmək və səbirlə vaxtımızı gözləməkdir. Məsələn, mən 4 dəfə dövlət qulluğu imtahanında iştirak etmişəm. İkisində uğurlu olmuşam. İkisində testdən keçsəm də, müsahibə mərhələsində kəsilmişəm. Növbəti imtahanda müsahibə komissiyasının üzvləri sonda deyirdilər ki, hər müsahibədən-müsahibəyə özündə nələrisə təkmilləşdirmisən. Bu yanaşmada olmağım mənə çox kömək edib, hansı vəzifədə, işdə olmağımızın fərqi yoxdur, biz insan olaraq özümüzü kamilləşdirməliyik”.
Masallıya təyin olunan Araz Süleyman oğlu Əhmədov haqqında isə hansısa məlumata rast gəlmək mümkün olmadı.