Qaydalara əməl etməyimiz yalnız sərt karantin rejiminin qayıtmaması üçün deyil, həm də haqq işimizə dəstək olmağımız baxımından vacibdir.
7times.az xəbər verir ki, bunu millət vəkili, iqtisadçı-alim Vüqar Bayramov deyib.
Deputat bildirib ki, bir sıra Avropa ölkələri yenidən sərt karantinin tətbiqinə başlayır:
“Belə görünür ki, yoluxma sayının artması dünyanı yenidən sərt karantinə qayıtmağa məcbur edir. Azərbaycanda yenidən sərt karantinin tətbiqi məqsədəuyğundurmu?
Ölkəmizin haqq savaşı apardığını və bu vacib məqamlarda real sektorun arxa cəbhə kimi fəaliyyətinə daha çox ehtiyac duyulduğunu nəzərə alsaq, sərt karantin rejiminə qayıtmağı məqsədəuyğun hesab etmirik. Digər tərəfdən, sərt karantin bütün hallarda məşğulluğa təsir göstərir və özəl sektorda iş yerlərinin sayını azaldır. Bu baxımdan, özəl sektorun mövcud qaydalarla fəaliyyətini davam etdirməsi daha məqsədəuyğundur. Amma yoluxma sayı kəskin artarsa, o zaman karantin rejiminin sərtləşdirilməsi istisna edilmir. Deməli, sərt karantin tətbiq edilib-edilməməsi də hər birimizdən asılıdır. Yoluxma sayının minimumlaşdırılması üçün hər birimizin pandemiya qaydalarına əməl etməyimiz çox və əvvəllər olduğundan daha çox vacibdir”.
Millət vəkili xatırladıb ki, dünən ölkəmizdə koronavirusa 988 yeni yoluxma faktı qeydə alınıb, 340 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb:
“Bu o deməkdir ki, yalnız bir gündə xəstəxanalarımızdakı 648 çarpayı virusa yoluxanlara verilib və həmin vətəndaşlarımızın müalicəsi üçün əlavə həkimlər ayrılıb. Hər savaşda şəhid və yaralılar olur. Əvvəllər də qeyd etdiyimiz kimi, bizim yaralı əsgərlərimizin müalicəsi üçün boş çarpayılara və həkimlərə ehtiyac var. Yoluxma sayı artdıqca yaralılarımıza baxacaq həkim və çarpayı azalır. Qarabağ savaşında qələbəmiz, əsgərlərimizin sağlamlığı naminə pandemiya qaydalarına əməl edək.
Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”
Follow @7timesaz