Maraqlı

“Yoldaş Brejnev, Ninanın əri orda-burda danışır ki…” – Kremldə qeybət mövzusuna çevrilən sevgi hekayəsi

“Yoldaş Brejnev, Ninanın əri orda-burda danışır ki…” – Kremldə qeybət mövzusuna çevrilən sevgi hekayəsibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leonid Brejenev öz xarici görkəmi ilə əvvəlki sovet liderlərindən, artıq 50 yaşında beli bükülmüş Lenindən, üzü çopurlu Stalindən, yöndəmsiz Xruşovdan qat-qat fərqlənib. Yaraşıqlı olması Brejnevə həm siyasətdə, həm də şəxsi həyatda uğur qazandırıb.

Hələ 1952-ci ildə partiyanın 19-cu qurultayında Stalinin müttəfiq respublikaların birinci katibləri ilə ayrıca görüşü keçiriləndə, o, Brejnevlə əl tutduqdan sonra (həmin dövrdə Brejnev Moldoviyanın birinci katibi olub) təbəssümlə deyib:

–  Necə də yaraşıqlı moldovandır…

Əslində, ukraynalı olan Brejnev üçün ölkənin birinci şəxsi tərəfindən bu sözü eşitmək böyük şans sayılıb.

Brejnevin xarici görnüşü şəxsi həyatında da öz sözünü deyib. Baş katib öz yaraşığından istifadə edərək qadınların sevgisini qazana bilib. Ümumiyyətlə Brejnev həyatdan yetərincə zövq almağı bacarıb. Brejnevin böyük həyat eşqinin, zövqlə yaşamaq həvəsinin əsas səbəblərindən biri elə məhz qadınlar olub. Böyük dövlətin böyük rəhbərinin ürəyindəki çoxsaylı sevgilər baş katibi ömrünün sonuna kimi tərk etməyib. Vəzifə pillələrini qalxdıqca, böyük kürsülərə sahib olduqca Leonid İliçin sevgiləri də “böyüyüb”.

Brejnevin qadın şakəri o dərəcəyə çatıb ki, bir neçə dəfə həyat yoldaşı Viktoriya Petrovna ilə ayrılmaq məsələsi ailənin gündəminə gəlib. Ancaq birinci xanımın təmkini, səbri ailənin bötüvlüyünü qoruya bilib.

Baş katibin sonuncu məhəbbəti isə güclü sevgi hissləri ilə yanaşı, həm də qalmaqallı hadisələrlə müşayiət olunub. Hətta Kreml kabinetlərində bu sevgi məmurlar tərəfindən müzakirə mövzusuna çevrilib.

Brejnevin səhhətində ciddi problemlər olduğu üçün tibb personalı gecə-gündüz onu nəzarət altında saxlayıb.  Bu personalın arasında tibb bacısı Nina Korovyakova isə daha çox canfəşanlıq edib.

Nina Korovyakova gözəl qadın olmaqla yanaşı, həm də savadlı, dünyagörüşlü, tez ünsiyyət qurmağı bacaran, siyasi mühitdən xəbərdar olması ilə fərqlənib. O, uzun illər SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsində işləyib. Bu idarə dövlət rəhbərlərinin sağlamlığına məsuliyyət daşıyan qurum olub. 4-cü idarədə işlədiyi dövrdə özünü müsbət tərəfdən tanıdan Nina məhz bu idarə vasitəsi ilə baş katibin keçilməz qalası say;lan yaxın ətrafına nüfuz etməyi bacarıb.

Əsasən bağ evində yaşayan Brejnevin iş otağına icazəsiz giriş-şıxış səlahiyyətini qazanan Nina ilə baş katibin bütün söhbətləri məhz bu otaqda baş tutub. Sağlamlıq mövzusundan tutmuş sevgi oyunlarına qədər bütün hadisələrin şahidi bu otaq olub.

Leonid İlic istirahətə getdiyi vaxtlarda da Nina ilə birgə olub. Mühafizəçilərin onun ətrafında olmasına baxmayaraq, o, istirahət dövrünü “səmərəli” keçirib. O, tibb bacısı ilə əylənməkdən, əl-ələ verib sahildə gəzməkdən, süfrə arxasında əlində “Zubrovka” arağı ilə dolu qədəh öz sonuncu məhəbbəti haqqında sevgi dolu nitqindən həzz alıb.

Brejnev öz səxavətini Ninadan əsigəməyib. Mərkəzi Komitənin işçləri üçün nəzərdə tutulmuş Moskvanın mərkəzində yerləşən yaşayış binasında üç otaqlı mənzili, şəxsi avtomobili, böyük məbləğlərdə pul mükafatlarını, xüsusi güzəşt və imtiyazları tibb bacısı baş katibin hesabına əldə edib.  İki sevgili arasında münasibətlər o qədər yaxın olub ki, Brejnev bir çox dövlət məsələlərinin həllində, nəinki Ninanın məsləhətlərinə qulaq asıb, hətta onun dediyi kimi qərar çıxarıb. Hətta Kreml dəhlizlərində belə söhbətlər dolaşıb ki, SSRİ-ni iki nəfər idarə edir: Leonid İliç və Nina Aleksandrovna.

Brejnevin müalicə həkimi Rodionov yumşaq xarakterli olduğundan Nina onu bir çox məsələlərdən uzaqlaşdırmağı bacarıb. Bütün məsələlərdə təşəbbüskarlığı ələ almağa nail olan Nina ailədə demək olar ki, sözü keçən birinci adama çevrilib. Hətta baş katibin rəsmi həyat yoldaşı tibb bacısı qədər öz halal əri ilə yaxın ola bilməyib.

Yuxususluqdan əziyyət çəkən Leonid İliçi psixotrop və yuxu dərmanlarına “otuzduran” və onu bu dərmanlardan asılı vəziyyətə salan da məhz Nina Korovyakova olub. Dozadan artıq verilmiş dərmanlar baş katibi müvəqqəti sakitləşdirsə də, ümumilikdə onun sağlamlığına, xüsusilə də nitqinə ciddi zərbələr vurub. Nina isə baş katibin çox sevdiyi bu dərmanları Brejnevə çox böyük səxavətlə içirdib.

Bu məsələdən xəbərdar olan Siyasi Büro üzvləri tibb bacısını Brejnevdən ayırmaq istəsələr də, mümkün olmayıb. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Yuri Andropov məsələnin ciddiliyini nəzərə alaraq Brejnevlə açıq danışmaq qərarına gəlib:

–  Leonid İliç, Nina Aleksandrovnanın həyat yoldaşı sizin münasibətləriniz haqqında cəmiyyət arasında xöşagəlməz fikirlər söyləyir. Bəlkə bu münasibətlərə son qoymaq lazımdır.

Andropovun daha çox ittiham kimi səslənən bu fikri Brejnevin xoşuna gəlməyib və o qətiyyətlə cavab verib:

– Yura, bu, mənim problemimdir, xahiş edirəm məni bir də bu məsələ ilə bağlı narahat etməyəsiniz.

Beləliklə, cütlüyün münasibətlərinə heç kim mane ola bilməyib. Baş katib ömrünün son dəqiqələrinə qədər öz sevgi hisslərini tibb bacısı ilə bölüşüb. Nina isə bu münasibətlərdən maksimum istifadə edərək özünə əsl birinci xanım şəraiti yaradıb. Hətta o, Brejnevin sayəsində kapitan rütbəsində olan həyat yoldaşının çiyinlərinə general rütbəsi də taxıb.

Brejnevin vəfatından sonra Andropov tibb bacısının fəaliyyətinin araşdırılmasını vacib saysa da, Konstantin Çernenko buna imkan verməyib. O, bildirib ki, bu araşdırma 18 il ölkəyə rəhbərlik edən Brejnevin kommunist imicinə xələl gətirəcək ki, bu da qərb mətbuatının diqqətindən yayınmayacaq.