Sərt karantin rejiminin tətbiqindən sonra COVID-19-a yoluxma sayında azalma vətəndaşlar arasında, sosial şəbəkələrdə karantin rejiminin yumşalacağı, SMS icazələrin ləğv olunacağı barədə məlumatların yer almasına səbəb olub.
Bəs yoluxma sayı azalıbmı?
Professor, pulmonololq Əlizamin Sadıqov 7times.az-a müsahibəsində bildirib ki, yoluxma sayındakı rəqəmlər əsl reallığı əks etdirmir: “Gündəlik yoluxma sayındakı rəqəmlər həmin gün insanların xəstəxanalara müraciətindən asılı olur. Yoluxma sayındakı dəyişikliyin səbəbi müxtəlif günlərdə müxtəlif sayda insanların müraciət etməsidir. Biz skrinninq diaqnostika aparmırıq ki, 10 min insanın üzərində test edək. Xəstəliyi yalnız müraciətə görə aşkarlayırıq. Xəstələrin çoxunun analiz olunmadığını nəzərə alsaq, bu say qat-qat coxdur”.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev müsahibəsində qeyd edib ki, test sayı nə qədər artarsa, testin pozitiv çıxması o qədər yüksək olur: “Bəzən yoluxma sayının az olduğunu görürük, amma həmin günlərdə test sayı daha aşağı olur. Testlərin təxminən 10 faizi pozitiv çıxır. Test sayı 10 min olanda yoluxma sayı 1000, 12 min olanda təxminən 1200 olur”.
7times.az-ın sərt karantin rejimi yumşalacaqmı sualına açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə hələ hər hansı bir məlumat yoxdur.
Təranə Mirzəyeva
7times.az
Follow @7timesaz