Hesablamalara görə, ABŞ iqtisadiyyatına dəyən zərər artıq 150 milyard dolları keçib.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli Kaliforniyada baş verən yanğınların təsirindən danışarkən deyib.
Natiq Cəfərli bildirib ki, 150 milyard dollar hələ ilkin hesablamalardır:
“Bu məbləğ yalnız dövlətin müəyyən yatırımları və infrastrukturun yenidən qurulmasına ayrılacaq vəsaitdir. Sığorta şirkətlərinin ödəyəcəyi məbləği də əlavə etsək, bu rəqəm 250 milyard dollara çatacaq. Ancaq əlavə xərclərin olacağı da gözlənilir. Çünki məlum oldu ki, Kaliforniyada yanğından mühafizəyə görə infrastruktura böyük yatırımlar qoyulmayıb. Hətta yanğınsöndürmə qurumlarında ştatlar ixtisar edilib, su ehtiyatı olmayıb. Ona görə də yanğınsöndürən avadanlıqların yenilənməsi və yeni işçilərin işə götürülməsini də nəzərə alsaq, dəymiş zərərin həcmi artacaq”.
N.Cəfərlinin sözlərinə görə, ABŞ ÜDM-si 36 trilyon dollardır və 300 milyard dollar bu iqtisadiyyat üçün böyük zərər sayılmır:
“ABŞ-ın mərkəzi hökuməti Kaliforniyaya dəyən zərərləri ödəmək üçün addım atmaq məcburiyyətindədir. Amma bu, ABŞ iqtisadiyyatında hansısa boşluğa və ya böhrana səbəb olmayacaq. Bunun dünya iqtisadiyyatına da zərərli təsiri ola biləcəyini düşünmürəm.
Qeyd edim ki, ABŞ-da ştatlar yarımdövlət statusundadır və onların öz səlahiyyətləri var, həmçinin vergi siyasəti apara bilirlər. Ona görə də bu yanğın Kaliforniya ştatının özünə ciddi təsir göstərəcək. Kaliforniya insanların çox sevdiyi yerlərdən biridir və ABŞ-ın ən varlı ştatı sayılır. Artıq insanların Kaliforniyadan başqa ştatlara köçməsi baş verir. Çünki Kaliforniyada vergilər yüksəkdir, insanların qəbul etmədiyi neoliberal qanunlar qəbul olunur və s. Yəni səbəb tək yanğınla bağlı deyil. Ümumilikdə bu baş verənlər ABŞ-a deyil, Kaliforniya ştatının iqtisadiyyatı və gələcəyinə uzun müddət təsir edəcək”.
Follow @7timesaz