Modern.az saytında “…haralardadır?” rubrikası geniş ictimaiyyətə tanış olan və çoxdandır üzdə görünməyən ictimai, siyasi, mədəniyyət, incəsənət, idman, ədəbiyyat xadimlərinin hazırda harada olduğunu xəbər verir.
Əməkdaşımız keçmiş nəqliyyat naziri Ziya Məmmədovun harada olduğunu öyrənməyə çalışıb.
Rubrikamızın keçmiş naziri gündəmə gətirməsi təsadüf deyil. Çünki bu gün – 28 aprel tarixi Ziya Məmmədovun doğum günü, həm də yubileyidir. Eks-nazirin 70 yaşı tamam olub.
Ziya Məmmədovun özü ilə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı. Sabiq nazir son vaxtlar mətbuatdan uzaq qalmağa üstünlük verir.
Eks-nazirə yaxın şəxslərin saytımıza verdiyi məlumata görə, o, hazırda Bakıda yaşayır. Ziya Məmmədovun aradabir doğulduğu Ucar rayonuna gedib-gəldiyi, orada yaratdığı fermer təsərrüfatına baş çəkdiyi də bildirilir.
Qeyd olunur ki, keçmiş nazirin hazırda Bakıda və xaricdə kifayət qədər biznes obyekti var və o, həmin obyektlərin idarəetməsini oğlu Anar Məmmədovla birgə həyata keçirməklə məşğuldur.
Ziya Məmmədov 2002-2017-ci illərdə Azərbaycan Respublikasının nəqliyyat naziri işləyib.
Nazir işlədiyi müddətdə imkanlarından istifadə edən Z.Məmmədov ailəsinə nəhəng şirkətlər yaratmışdı. Buna görə də o, hələ də ölkənin ən varlı oliqarxlarından biri sayılır.
Ziya Məmmədov və ailəsi vaxtilə bir sıra iri şirkətlərə sahib idi. Bu şirkətlər sırasında nazirin oğlu Anar Məmmədovun rəhbərlik etdiyi ZQAN Holdinq, “Bank of Azerbaijan” ASC, “Qarant Sığorta”, ZQAN Construction, AZBENTONİT, Goranboy Gips, Göyçay Çınqıl Zavodu, TransEuroCom, “Delfin” və “Meridian” mehmanxanaları, “Royal Estate” daşınmaz əmlak şirkətləri, bir sıra şadlıq evləri və restoranların adları çəkilirdi.
Həmin şirkətlərin hazırda da Məmmədovlar ailəsinin idarəetməsində olub-olmadığı barədə birmənalı məlumat yoxdur.
Ziya Ərzuman oğlu Məmmədov 28 aprel 1952-ci ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olub. Rostov Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunu bitirib.
Əmək fəaliyyətinə 1971-ci ildən Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist köməkçisi kimi başlayan Z.Məmmədov 1972–1974-cü illərdə hərbi xidmətdə olub.
1974–1980-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolunun Biləcəri Lokomotiv deposunda maşinist, 1980–1983-cü illərdə Biləcəri Lokomotiv deposu istismar sexinin “partkom”u və Biləcəri Lokomotiv deposu həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.
1983–1984-cü illərdə Azərbaycan Dəmir Yolu hərəkət xidmətinin Lokomotiv dispetçeri, 1984–1987-ci illərdə Biləcəri Lokomotiv deposu rəisinin kadr və məişət işləri üzrə müavini vəzifəsində işləyib.
1987–1989-cu il illərdə Biləcəri Lokomotiv deposu Dəvəçi əvəzedici məntəqəsinin rəisi, 1989–1991-ci il illərdə Gəncə Lokomotiv deposunun rəisi vəzifəsini tutub. 1991–1993-cu illərdə Azərbaycan Dəmir Yolu Lokomotiv təsərrüfatı xidmətinin rəisi, 1993–1996-cı illərdə Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi rəisinin lokomotiv və vaqon təsərrüfatı üzrə müavini işləyib.
31 iyul 1996-cı il tarixində azərbaycan Dövlət Dəmir Yolunun rəisi vəzifəsinə təyin edilib və 2002-ci ilin avqust ayına kimi bu postda çalışıb.
Ölkə başçısının 8 avqust 2002-cı il tarixli fərmanı ilə Azərbaycan Respublikasının nəqliyyat naziri vəzifəsinə təyin edilib.
27 aprel 2012-ci ildə “Şöhrət” ordeni ilə təltif edilib.
13 fevral 2017-ci ildə Nəqliyyat Nazirliyi ləğv edilib, əvəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılıb. Bu nazirliyə başqa rəhbər təyin olunub və bununla da Ziya Məmmədov rəsmən vəzifədən kənarlaşdırılıb.
Ziya Məmmədovun iki övladı var. Sabiq nazirin oğlu Anar Məmmədov zaman-zaman mətbuatın gündəmində olub, onun adı müxtəlif qalmaqallı hadisələrdə hallanıb. A.Məmməov sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qızı ilə evlidir.
A.Məmmədov 2011-ci ildən Azərbaycan Qolf Federasiyasına rəhbərlik edirdi. Bu il fevralın 10-da Qolf Federasiyasına yeni rəhbər seçilməsilə Anar Məmmədovun bu qurumdakı fəaliyyətinə son qoyulub.
Ümumiyyətlə, Ziya Məmmədov nazir postunu itirəndən sonra oğlu da ictimai işlərdən kənara çəkilmişdi, o, biznes fəaliyyətilə məşğul olurdu.
Bu gün mətbuat ara-sıra Z.Məmmədovun adını bir sıra məsələlərdə hallandırır. Məsələn, o, 300 milyon manat dövlət vəsaiti hesabına qurulan “Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi”nin yarıtmaz işinə, 30 il problemsiz istismar olunacağı gözlənilən Bakı-Quba beton yolunun 3 ilə dağılmasına görə ittiham olunur.
Ziya Məmmədov ötənlərdə mətbuata verdiyi açıqlamada Ucarda əkin-biçinlə məşğul olduğunu, mal-qara saxladığını, təsərrüfatında xeyli işçi olduğunu bildirmişdi.
O, ölkədən getməsi barədə xəbərləri də dəfələrlə təkzib edib.
Follow @7timesaz