2022 Azərbaycanda yüksək qiymət artımlarının qeydə alındığı illərdən biri kimi yadda qalacaq.
7Times.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarını əhatə edən 11 aylıq dövrdə qiymətlər 13,8 faiz artmaqla son 14 ilin rekord bahalaşmasına səbəb olub.
Ölkəmizdə sonuncu dəfə ikirəqəmli inflyasiya 2017-ci ildə qeydə alınıb. Həmin tarixdə qiymətlər orta hesabla 12,9 faiz artıb. Amma bu il qiymət artımları bir qədər də güclənərək 14 faizə çatıb.
Qeyd edək ki, bütün məhsullarda qiymət dəyişiklikləri eyni şəkildə olmur. Bəzi məhsullar daha çox bahalaşır, bəzilərində qiymət artımı qismən olur, yaxud sabit qalır, bəzilərində isə əksinə qiymətlər enir. 2022-ci ildə inflyasiyanın ikirəqəmli olması ondan xəbər verir ki, əksər məhsullar bahalaşmaqla yanaşı bəzi məhsullarda qiymət artımı çox böyük olub.
Bəs, bu il hansı məhsulların qiyməti daha çox artıb?
Məhsul qrupları üzrə müqayisə etdikdə bəlli olur ki, ən böyük bahalaşma ərzaqda olub. Ərzaq mallarının qiymət səviyyəsi 20,2 faiz artıb. Ödənişli xidmətlərdə 10,4 faiz, qeyri-ərzaq mallarında 8,3 faiz bahalaşma qeydə alınıb. Ərzaq malları arasında ən yüksək qiymət artımı tərəvəzlərdə olub. Tərəvəzlərin qiyməti orta hesabla 42 faiz artıb. Bu məhsullardan daha çox kartof bahalaşıb. Bir ildə kartofun qiyməti 50 faiz artaraq 1,4 manata çatıb.
Ötən il kartofun qiyməti 0,9 manat idi. Qida məhsullarından çörəklərin də dəyəri kəskin artıb. Buğda unundan bişirilən çörək 51 faiz, çovdar çörəyi 55 faiz bahalaşıb. Cari ildə ağ çörəyin bir kiloqramının qiyməti 0,9 manatdan 1,35 manata, çovdar çörəyinin qiyməti isə 1,3 manatdan 2,05 manata yüksəlib.
Ət və ət məhsullarında da böyük bahalaşma qeydə alınıb.
Ötən il mal ətinin qiyməti 11 manat olduğu halda bu il 13,05 manata çatıb. Quzu ətinin qiyməti 12 manatdan 17 manata, toyuq ətinin qiyməti 4,9 manatdan 5,9 manata yüksəlib.
Qiyməti ən çox artan ərzaq malları arasında yağlar da var. Xüsusən birki yağlarının qiyməti son bir ildə xeyli artıb.
Bu müddətdə qarğıdalı yağının dəyəri 5,56 manatdan 7,6 manata, günəbaxan yağının qiyməti 4,3 manatdan 5,75 manata qədər artıb. Kərə yağının qiyməti isə 17,4 manatdan 20 manata yüksəlib. Qeyri-ərzaq malları arasında qiymət artımları əsasən 5-15 faiz intervalında baş verib. Lakin bəzi mallarda qiymətlərdə artım çox böyük olub.
Qiyməti ən çox artan məhsullar arasında dərman vasitələri və kağız məmulatları var.
Bu il yazı kağızının dəyəri 2 dəfədən çox artıb. Bir qutu kağızın qiyməti 6 manatdan 12,5 manata qədər yüksəlib. Dəftər 25 faiz bahalaşıb. Bir il əvvəl 40 vərəqli dəftərin qiyməti 45 qəpik olduğu halda hazırda 60 qəpikdir.
Salfet 19 faiz bahalaşıb. İlin əvvəlində 1,1 manat olan bir quru salfet hazırda 1,35 manatdır. Dərmanlardan Validolun qiyməti 2,05 dəfə artıb. Bir il əvvəl 10 həbdən ibarət olan validol 35 qəpiyə satıldığı halda indi 70 qəpiyə satılır.
Yodun qiyməti də xeyli artıb. On qramlıq yodun qiyməti 43 qəpikdən 80 qəpiyə qədər artıb.
Pullu xidmətlərdən isə ən çox artım MDB-dən kənar ölkələrə təyyarə biletinin qiyməti olub. Bu xidmət növündə qiymətlər 25 faiz artıb. Bir il əvvəl 600 manat olan gediş haqqının qiyməti indi 763 manatdır.
Beləliklə, 2022-ci ildə ən yüksək qiymət artımları tərəvəzlərdə, bitki və kərə yağlarında, çörək və ətdə, həmçinin kağız məmulatlarında, dərmanlarda və hava nəqliyyatı ilə sərnişindaşıma qiymətlərində müşahidə edilib.
Sfera.az
Follow @7timesaz