Yaxın qohumlarının qəza törətməsi adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsi ilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.
Bu barədə 7Times.az -a DİN-in mətbaut xidmətindən bildirilib.
Belə ki, paytaxt sakini olan 88 yaşlı bir qadın tanımadığı şəxsin onunla ev telefonu vasitəsi ilə əlaqə saxlayaraq qızının yol-nəqliyyat hadisəsi törətdiyini daha sonra mənzilə gələn naməlum şəxsə 15 min manat verdiyi barədə polisə müraciət edib.
Səbail Rayon Polis İdarəsinin 39-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd edilən qanunsuz əməli törədən 2004-cü il təvəllüdlü Ləman Akimova müəyyən edilərək saxlanılıb. Onun mənzilindən zərərçəkən şəxsdən əldə etdiyi 8400 manat maddi sübut aşkar edilərək götürülüb.
L.Akimova, “Telegram” sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti araşdırılan naməlum şəxsin ona göndərdiyi ünvana yollanaraq qeyd edilən cinayət əməlini törətdiyini bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi tövsiyə edirik.
Follow @7timesaz