Tanınmış aktrisa Sonaxanım Əliyevanın kişilər haqda fikirləri müzakirələrə səbəb olub. Sənətçi çalışdığı bu illər ərzində tanımadığı kişilər tərəfindən müxtəlif təkliflər aldığını bildirib.
Ümumiyyətlə, tez-tez biz məşhurların kişilərdən gileyləndiyinin şahidi oluruq. Onlar deyirlər ki, hətta evli, yaşlı-başlı kişilərdən də müxtəlif təkliflər, hədiyyələr alırlar.
Bəs görəsən, buna səbəb qadınlarının özlərinin davranışıdır, yoxsa Azərbaycan kişiləri şorgözdür?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış yazıçı-pulbisist Xeyrəddin Qoca yaşlı kişilərin bu cür addımlar atmasını tərbiyəsizlik adlandırıb:
“Görünür, bizdə qadınlar gözəldirlər, kişilər də gözəllik “vurğunudurlar”! İndi dırnaq arasına aldığım sözün mənalarını açıqlayacağam. “Gözəllik” və “vurğunluq” gəncliyə xas olan xüsusiyyətlərdir və bu təbii hesab olunur. Bir də var, düşük “kişilərin” harada qadın, qız görsələr, çevrilib baxmalarına, bəzən onlara söz atmalarına, bu tərbiyəsizlikdir, bir az da namussuzluqdur! Həmin “kişilər” təsəvvür etsinlər ki, onların ailəsinə, analarına, bacılarıına pis gözlə baxırlar! Yəqin, xoşlarına gəlməz! Məsələ burasındadır ki, kişi qadına baxar, amma ana, bacı gözü ilə! “Kaş mənim belə ləyaqətli bacım ola, həyat yoldaşım ola” qibtəsi ilə baxar. Yoxsa, bizim çoxluq təşkil edən “kişilər” kimi yox!”
Yazıçı qeyd edib ki, bu məsələdə bəzi qadınların da günahı var. O, bəzən qadınların həddindən ziyadə açıq-saçıq geyinməsini sərt tənqid edib:
“Bəzi qadınların təqsiri varmı? Var! Küçəyə elə geyinib çıxırlar ki, iş yerinə elə əndrabadi paltarda gəlirlər ki, görünməyən bir-iki yerləri qalır! Səhnələr, efirlər lap biabırçıdır! Yekə-yekə arvadlar (məhz, arvadlar!) ora-buralarını tərpədə-tərpədə, yelləyə-yelləyə bəzi əzalarını nümayiş etdirirlər! Bir sözlə, kimlərinsə gözlərinə girməyə çalışırlar! Yəqin ki, kişilərin! Belədə “yazıq” kişiləri qınamaq olmaz!
Aktrisa Sonaxanım Əliyevanın isə qızının aktrisa olmasını istəməməsi də belə narahatlıqlarla əlaqədardır…
Bəzən kişilər qadınları, bəzən də qadınlar kişiləri düz yoldan çıxarmağa çalışırlar. Bu da kənardan çox ləyaqətsiz görünür! Mədəni, namuslu qadınlar və kişilər həmişə ətrafdakılar tərəfindən sevilirlər, hər yerdə onlara hörmət edilir. Kişi də, qadın da ləyaqətlərini qorumalıdırlar! Ləyaqətsizlik heç kimə şərəf gətirmir!
Tanıdığım biri vardı, ayrı-ayrı yerlərdə iki arvad saxlayırdı! Dedim ki, ayıb deyil, sənin uşaqların da var, cavab verdi ki, ” buna da kişilik lazımdır!” Baxın, belə kişilər də var! Görün, bu yaramaz kişiliyi nədə görür, iki arvad saxlamaqda!
Namusdan, qeyrətdən çox danışırıq! Namusu, qeyrəti olan həyatını təmiz yaşayar!..”
Follow @7timesaz