Özbəkistanın Makroiqtisadi və Regional Araşdırmalar İnstitutu (IMRI) qadınlara paltaryuyan maşın almaq üçün güzəştli kreditin tətbiqini təklif edib.
7Times.az yerli mediaya istinadən xəbər verir ki, IMRI analitikləri paltaryuyan maşının özbək qadınlarının iqtisadi və sosial fəaliyyətinə təsirini araşdırıblar.
Onlar müəyyən ediblər ki, ev təsərrüfatlarının belə cihazlarla təminatının 1% artması iqtisadi fəal qadınların sayını 1,9% və ya 122 min nəfər artırır.
Belə ki, paltaryuyan maşınlardan istifadə edən qadınlar həftədə orta hesabla vaxta 4 saat qənaət edir. Onlar bu vaxtı uşaqlarına ayıra bilərlər.
Araşdırmanın nəticələri sübut edir ki, analar övladları ilə nə qədər çox vaxt keçirsələr, riyaziyyat və ana dili kimi fənlərdəki performansları bir o qədər yaxşı olar.
Bundan əlavə, paltaryuyan maşınların istifadəsi su və enerji istehlakını azaldır.
Analitiklər müəyyən ediblər ki, Özbəkistanda qadınların iqtisadi aktivlik səviyyəsi digər ölkələrlə müqayisədə 43% aşağıdır. Bunun əsas səbəbi onların ev işlərinə çox vaxt sərf etmələridir. Araşdırma nəticələri göstərir ki, özbək qadınları iqtisadiyyatda işləyərkən gündə orta hesabla 4 saat ev işlərinə sərf edirlər.
Statistika Agentliyinin məlumatına görə, Özbəkistanda hər 100 ailədən 95-də paltaryuyan maşın var. Bununla belə, bu cihazların bütün ailələrdə təyinatı üzrə istifadə edildiyi anlamına gəlmir. Məsələn, kəndlərdə qaymağı süddən ayırmaq üçün paltaryuyan maşından istifadə edirlər.
Qeyd edək ki, bu gün Özbəkistanda məişət texnikasının alınması üçün kredit üzrə faiz dərəcəsi ən azı 25% təşkil edir və hissə-hissə alarkən artıq ödəniş malın dəyərinin 40%-nə çatır.
Follow @7timesaz