Sabirabad sakini keçmiş arvadının yaşadığı evə hücum edib.
7Times.az APA-ya istinadən bildirir ki, hadisə Sabirabad şəhərində baş verib. Sabirabad şəhər sakini, 1983-cü il təvəllüdlü Əliyev Miri Qurban oğlu APA-nın Mil-Muğan bürosuna bildirib ki, gecə saat 00.30 radələrində keçmiş kürəkəni, Kürdəmir rayonunun Mehdili kənd sakini, 1983-cü il təvəllüdlü Mehdiyev Daşqın Mehman oğlu sərxoş halda onların yaşadığı evə hücum edib. Evin qarşısında dayanan, onlara məxsus “Mercedes” markalı avtomobili dəmir linglə yarasız hala salıb. İnsidentin qarşısını almaq istəyən keçmiş qaynı M.Əliyevə və keçmiş həyat yoldaşı 1988-ci il təvəllüdlü Günel Mehdiyevaya xəsarət yetirib. Hadisənin görüntüləri müşahidə kamerasına düşüb.
Həmin şəxs polis tərəfindən saxlanılıb.
Günel Mehdiyeva 13 il evlilikdən sonra 3 il əvvəl həyat yoldaşından ayrılıb. Həyat yoldaşından şiddət görən G.Mehdiyeva 2 il “Ümid” sığınacağında 2 övladı ilə yaşayıb. Daha sonra Sabirabad rayonuna köçüb. Hazırda faktla bağlı Sabirabad Polis Şöbəsində araşdırma aparılır.