Rusiyada yaşamasına baxmayaraq, hələ də Putin hakimiyyətinə açıq etiraz edə bilən və hələlik həbsxanaya salınmayan az sayda da olsa ictimai xadim var. Bunlardan biri də Dmitri Muratovdur…
“AzPolitika.info” xəbər verir ki, rusiyalı Nobel mükafatı laureatı, Kremlin fəaliyyətinə qadağa qoyduğu “Novaya Qazeta”nın baş redaktoru Dmitri Muratov dünən Almaniyada keçirilən beynəlxalq media tədbiri – “Global Media Forum”-da olduqca təsirli çıxış edib.
Muratov Rusiyanın hazırkı durumunu bu cür xarakterizə edib: “Rusiyada müharibə sözü qadağan edilsə də, cəhənnəm sözünə hələ ki, icazə var. Ona görə də mən cəhənnəm sözündən istifadə edəcəyəm… Dünən mən bura uçanda müxalifətçi, siyasi xadim Aleksey Navalnı üzərində məhkəmə başladı. Onu birbaşa həbsxanada mühakimə edirlər. Onu siyasi fəaliyyətinə görə bir neçə on illik cəza gözləyir. Məhkəmə mətbuat üçün qapalıdır. Ümumiyyətlə, 2012-ci ildən indiyə qədər mətbuatın buraxılmadığı qapalı məhkəmələrin sayı 25 dəfə artıb. Əvvəl ildə 1000 qapalı məhkəmə olurdusa, indi 25 mindir. Rusiya məhkəmələrində bəraət qərarları isə ümumi qərarların təxminən 0.1 faizini təşkil edir. Bundan sonra məhkəmə sistemi barədə məndən nəsə soruşmağa dəyirmi? Bu, “xüsusi hərbi əməliyyat”ın nəticələrindən biridir – məhkəmə sisteminin demontajı”.
Muratov “xüsusi hərbi əməliyyat”ın Rusiya və Ukraynaya gətirdiyi faciələrdən danışıb: “Nə qədər qəribə görünsə də “xüsusi hərbi əməliyyat”ın hələ davam etməsinə baxmayaraq, artıq onun bir çox nəticələri aydındır. Onların bir neçəsini sizə deyəcəm: Artıq heç vaxt Ukrayna və Rusiya bir yerdə olmayacaq, bu xalqlar heç vaxt qardaş xalqlar olmayacaqlar, xüsusilə də bir qardaş özünü həmişə böyük hesab etdiyi halda… Daha bir nəticə: Rusiyada “dahi coğrafi kəşf” edilib – Rusiya artıq Avropa deyil! Avropaya pəncərə bağlanıb və onun üzərinə dəmir barmaqlıqlar vurulub. Daha bir nəticə: Rusiyada tanrı dəyişikliyi baş verib. Rusiya Pravoslav Kilsəsi “xüsusi hərbi əməliyyatı” dəstəklədi və ölüm təbliğatına başladı. Düşünürəm ki, “öldürmə” ayəsi tezliklə böyük səhv kimi tanınacaq. Vətən uğrunda həyat yox, vətən uğrunda ölüm – budur yeni din. Bir Rusiya kilsə xadimindən sitata diqqət yetirin. O, analara nədən öldürülmüş övladının cəsədi gələndə ağladıqlarını izah edir. Protierey(Kilsədə dini rütbə-red.) Vasilyev analara deyir: “Əgər siz qoruyuculardan istifadə etməsəydiniz, daha çox doğardınız, sizin yalnız bir uşağınız olmazdı və ondan ayrılmaq da belə qorxulu olmazdı”. Bu, televiziya efirində deyilir. Keşiş İoan Kovalı isə rütbəsindən məhrum ediblər, ona görə ki, tanrıya dua zamanı “qələbə” sözünü “sülh” sözü ilə əvəz edib. Mən güman edirəm ki, bununla da keşiş İoan kilsədən uzaq, tanrıya isə yaxındır.
Daha bir nəticə bir nəslin itirilməsidir. Qorbaçovun dövründə və bir qədər sonra doğulmuş nəsil özünü qurban verməyə hazır deyil. Bu nəsil gələcəyi qurur, həmin vaxt Rusiyadakı hakimiyyət isə keçmişi yaxşılaşdırmağa çalışır. Bu, unikal nəsildir. Bunlar peşəkarlardır, yüksək empatiyaya malikdirlər. Onların çoxu ölkəni birdəfəlik tərk ediblər. Onlar hətta ev heyvanlarını da özləri ilə götürüblər… 700 min – 1 milıyon arası cavan insan Rusiyanı tərk edib. Onlar öldürmək və ölmək istəmirlər. Onları “qırmızı kitaba” salmaq lazımdır, bank kartlarını bloklamak yox…
Mənə tez-tez sual verirlər ki, niyə rusiyalılar susur, üsyan etmirlər, bütün rusiyalılar quldurmudur? Bu sualdan qaçmayacam, ancaq əks-sual verəcəm – harda danışsınlar, harda etiraz etsinlər? Mitinqlər qadağan olunub. 600 siyasi məhbus həbsxanalardadır. Sülh tərəfdarlarına qarşı 20 min cinayət işi qaldırılıb. 300 qeyri-dövlət mediası bağlanıb. Parlamentdə sülh üçün çıxış edən bir depuatat da yoxdur…”
Muratov bir neçə maraqlı fakta toxunub və Rusiya hakimiyyətilə yanaşı, “Qırmızı xaç” kimi beynəlxalq qurumları da riyakarlıqda ittiham edib: “Mən “Qırmızı xaç”dan xahiş etdim ki, Aleksey Navalnıya həbsxanada işgəncə verilməsinə son qoysun. O, 2 il yarımlıq həbs müddətinin 165 gününü sadəcə, həbsxanada yox, həbsxana içindəki həbsxanada keçirir. Bu, o yerdir ki, orada insanları diri meyitə çevirirlər. “Qırmızı xaç” dedi ki, buna qarışa bilmir və təşkilatın rəhbəri hazırda Suriyadadır. Lakin onların rəhbəri həmin vaxt Rusiya XİN başçısı Sergey Lavrovun kabinetində idi…
Nobel mükafatı laureatı deyib ki, hələlik Rusiyadakı repressiyalar Stalin dövrünün repressiyaları ilə müqayisə ediləcək səviyyədə deyil. Ancaq mahiyyət etibarilə eyni proses müşahidə olunur: “Repressiya odur ki, bu gecə(cəza orqanlarının) kimin ardınca gələcəyini heç kim bilmir…”
Muratovun nitqi uzun və maraqlı olub. Təəssüf ki, onun Rusiyanın daxili siyasəti barədə söylədiyi bir çox məqamlar postsovet məkanında tez-tez müşahidə olunan mənzərədir…
Çıxışın tam mətnini aşağıdakı videodan izləyə bilərsiniz: