“Qarabağ” klubunun yeni transfer planı pozulub.
Offsideplus.az xəbər verir ki, Konqo əsilli Belarus vətəndaşı olan Jason Eyenqa-Lokilo son anda Azərbaycana gəlməkdən imtina edib.
Bu hücumçunu “Neftçi” də heyətinə qatmaq istəyib. Hətta “ağ-qaralar” onunla ilkin razılıq da əldə edib, lakin keçid baş tutmayıb. İndi oxşar problemlə «köhlən atlılar» üzləşib. Razılaşmaya əsasən, Lokilo bu gün axşam saatlarında ölkəmizə təşrif buyurmalı idi. Onunla 3 illik müqavilə imzalanması nəzərdə tutulurdu.
Lakin Afrika kökənli sağ cinah forvardı daha yaxşı şərtlərlə başqa təklif aldığını söyləyərək, «Qarabağ»lı münasibətləri rəsmiləşdirməkdən vaz keçib.
O. karyerasına İngiltərədə “Kristal Palas”da başlayıb (2017-2020). 2018/19 mövsümündə “Loryan”a (Fransa), 2020-ci ildə “Donkaster”ə (İngiltərə) icarəyə verilib. “Donkaster” 2020-ci ildə onu birdəfəlik transfer edib. Növbəti mövsümdə Polşaya – “Qornik”ə üz tutub.
2022-ci ildə “Sparta Rotterdam”a (Niderland) keçib və hazırda müqavilə ilə bu kluba məxsusdur.
Bu ilin yanvarında Niderland klubu onu “İstanbulspor”a icarəyə verib. 24 yaşlı forvard Super Liqada 16 oyun keçirib, 4 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Transfermarkt” Jason Eyenqa-Lokiloya 700 min avro qiymət qoyub.(sportinfo.az)
Follow @7timesaz