Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsində Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədova ilə qeyri-rəsmi nikahda olan Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin işi üzrə məhkəmə prosesi keçirilib. Kemal Mustafa İbili 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilərək, məhkəmənin iclas zalında həbs olunub.
7Times.az-ın məlumatına görə, Mustafa Apellyasiya Məhkəməsinə müraciət edəcək. Bu haqda onun vəkili Nurala Quliyeva məlumat verib. O bildirib ki, məhkəmə prosesi hələ bitməyib:
“Təbii ki, məhkəmənin qərarı yalnız yuxarı instansiyalarda müzakirə edilib, ləğv edildiyi halda qüvvədən salına bilər. Mustafa İbili təqsirli bilindi. Biz müdafiə tərəfi olaraq ittiham hökmü ilə razılaşmadıq. Qanunla nəzərdə tutulub ki, 20 gün ərzində Bakı Apellyasiya Məhkəməsinə müraciət oluna bilər. Biz də bunu edəcəyik. Mustafa İbili tərəflər arasında baş verən pul söhbətin mövcudluğunu danlayıb. Burada ziddiyat rəqəmlərdə, Mustafa İbilinin Cavanşir Məmmədova vəd verməməsindədir. Bir çox nüanslarda təsdiqlənib ki, pulun birbaşa Cavanşir Məmmədova verilməsi şübhə altındadır. Yuxari instansiyalarda müzakirə olunacaq, nə qərar veriləcək bilmirik. Narazı qaldığımız məsələlər mübahisələndiriləcək. Mən son mərhələdə qoşulmuşam. Cavanşir Məmmədov “qalibəm” deyə bilməz. Biz natamam qalan məsələləri aydınlaşdıracağıq”.
Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Kemal Mustafa İbli tərəfindən aldadıldığını bildirib. Kemal Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.
Mustafa bir neçə həftə əvvəl “Təsir dairəsi” verilişinə gələrək ona şər atıldığını deyib və kömək istəmişdi. Mustafa Xatirə ilə dini kəbinləri olduğunu söyləyib.
Follow @7timesaz