Maqazin

“Təsəvvür edə bilməzsiniz ki, Bakını necə sevirəm” – Nani Breqvadze

“Təsəvvür edə bilməzsiniz ki, Bakını necə sevirəm” – Nani Breqvadzebackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın Xalq artisti Nani Breqvadze Xalq artisti Emin Ağalarovun dəvəti ilə Bakıya gəlib.

Axşam.az xəbər verir ki, ifaçı “Sea Breeze”dəki “Şöhrət xiyabanı”nda onun şərəfinə qoyulmuş “ulduz”un açılış mərasimində iştirak edib.

Ağalarov gecənin qonaqlarına təşəkkür edərək “Nani xanım, sizi burada çox gözləyirdik. Ümid edirəm ki, Nani xanım buraya növbəti dəfə gələndə konsert proqramı ilə çıxış edəcək. Təbii ki, bu da onun əhvalından asılı olacaq” sözlərini bildirib.

Təəssüratlarını bölüşən Breqvadze buna görə Ağalarova təşəkkür edib:

“Deməyə söz tapmıram. Sizə hər şeyə görə təşəkkürümü bildirirəm. Çox şadam, amma imzamın bu xiyabanda olacağına hazır deyildim. Şadam ki, Emin, səninlə birlikdə əfsanəvi ifaçı Bubanın (mərhum Vaxtanq Kikabidze – red.) “Kvavilebis kvekana” (“Çiçəklər ölkəsi”) mahnısını duet şəklində ifa etdik. Düşünürəm ki, bu mahnı ifamızda pis alınmayıb. Bu əsərdə böyük sevgi var. Məhəbbət isə hər zaman qalib gəlir”.

87 yaşlı gürcü müğənni Azərbaycanla bağlı danışarkən “Təsəvvür belə etmirsiniz ki, bu məmləkəti necə sevirəm. Kiçik yaşlarımdan Bakıda çox olmuşam. Azərbaycan xalqı çox istiqanlı və musiqisevərdir. Müğənnilərinizin ifası məni ovsunlayır və heyran edir. Sizi həm də ona görə sevirəm ki, məni dahi pianoçu Vaqif Mustafazadə müşayiət edib. Eminin repertuarında olan bütün mahnıları sevirəm. O səhnədə ilk addımlarını atandan bəri diqqətimi çəkdi. Onu sevməmək mümkün deyil. Emin çox təvazökar, səmimi, yaraşıqlı, ağıllı bir oğlandır” fikirlərini bildirib.

Qeyd edək ki, Emin və Nani Breqvadze mərhum gürcü müğənni Vaxtanq Kikabidzenin xatirəsinə “Çiçəklər ölkəsi” duetini oxuyublar.