“Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi gözlənilmir. Əgər belə bir ehtimal olsaydı, görüş planlaşdırılmazdı”.
Bunu “Report”a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Ekspert qeyd edib ki, hər iki tərəf müxtəlif məsələlərlə bağlı fərqli mövqedə dayansalar da, dialoqa önəm verirlər və danışıqlar zamanı vacib məsələlər həll olunur:
“Ankara Moskva ilə Yaxın Şərq, Mərkəzi Asiya, Cənubi Qafqaz kimi müxtəlif regionlarda bu dialoqların davam etməsində maraqlıdır. Hesab edirəm ki, hazırda Türkiyə və Rusiya arasında ikitərəfli ticari və iqtisadi münasibətlər inkişaf edir. Gələn il “Akkuyu” Atom Elektrik Stansiyasının istifadəyə verilməsinin planlaşdırılması, Türkiyədə qaz qovşağının yaradılmasında Rusiya qazının rolu bunlara əyani sübutdur. Bəli, bəzi məsələlərdə çox dərin ziddiyyətlər də var. Bunlardan biri də “Taxıl sazişi” məsələsidir. Ancaq “Taxıl sazişi”ndə Türkiyə Qərbdən də bir qədər fərqli mövqe tutur. Doğrudur, Türkiyə sazişin uzadılmasında, Rusiyanın orada iştirakının bərpasında maraqlıdır. Ancaq Rusiyanın narahatlıqlarını da başa düşür. Ankara anlayır ki, Rusiyanın taxılı dünya bazarına çatdırılsa, orada bir çox problemlərin həllinə kömək edəcək, taxılın qiyməti dünya bazarında aşağı düşəcək, yoxsul ölkələr taxılla təmin olunacaq”.
Politoloqun sözlərinə görə, Türkiyə xüsusilə Afrikada çox fəaldır. Bu nöqteyi-nəzərdən rəsmi Ankaranın yanaşması bundan ibarətdir ki, həm Ukrayna, həm Rusiya taxılı dünya bazarına maneəsiz çatdırılmalıdır:
“Mövcud məsələdə ziddiyyətli məqam odur ki, Türkiyə Rusiyanın gəmilərlə bağlı tutduğu mövqeyi alqışlamır. Rusiyanın Qara dəniz hövzəsində olan bütün gəmilərə hərbi hədəf kimi baxmasına Ankaranın münasibəti mənfidir. Çünki “Taxıl sazişi”ndə iştirak edən gəmilərin böyük əksəriyyəti Türkiyəyə məxsusdur. Bu ölkə istəməz ki, onlar Rusiya hərbçiləri tərəfindən hədəfə alınsın. Yəqin ki, telefon danışığı və görüş məhz bu məsələ üzərində qurulacaq və Türkiyə dialoqla problemlərin həllinə nail olmağa çalışacaq”.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olacaq. Liderlər “Taxıl sazişi”nin perspektivini, enerji sahəsindəki əməkdaşlığı müzakirə edəcəklər. Bundan başqa, onlar Ukraynada bir ildən çox davam edən müharibənin gələcəyi barədə fikir mübadiləsi aparacaqlar.
Telefon danışığı zamanı, həmçinin R.T.Ərdoğan və V.Putinin avqust ayına planlaşdırılan görüşünün məkanı dəqiqləşəcək.
Follow @7timesaz