Avqustun 8-də Böyük Britaniya Rusiyanın müdafiə sektorunu məhdudlaşdırmaq və Ukraynaya müdaxilə ilə əlaqədar onun xarici hərbi texnikaya çıxışını əngəlləmək üçün sanksiya siyahılarını genişləndirdiyini elan edib.
“AzPolitika.info” “Röyter” agentliyinə istinadla xəbər verir ki, nəticədə Belarus, İran, Türkiyə, Dubay, Slovakiya və İsveçrədəki fiziki və hüquqi şəxslər yeni məhdudiyyətlərə məruz qalıb. Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli əlavə sanksiyaları mühüm mərhələ adlandırıb. Onun sözlərinə görə, Rusiyanın arsenalını daha da azaldacaq və Vladimir Putinin müdafiə sənayesini dəstəkləyən təchizat zəncirlərinə təsir edəcək.
Rusiyanın döyüş meydanında istifadə olunan hərbi texnika üçün elektron komponentləri idxal edən üç şirkətinə qarşı ümumilikdə 25 yeni sanksiya elan edilib.
Böyük Britaniyanın “qara siyahı”sına düşənlər arasında iranlı dron istehsalçısı “Paravar Pars” və şirkətin yeddi top meneceri, həmçinin Türkiyədə yerləşən iki mikroelektronika ixracatçısı var. Belarus müəssisələrindən “Orşa” təyyarə təmiri zavodu və Borisovdakı radioelektron silahların təmiri zavodu sanksiyalara məruz qalıb.
Sanksiyalar Britaniya təşkilatlarına qara siyahıya düşənlərə trast xidmətləri göstərməyi qadağan edir. Həmçinin sanksiyalarda sözügedən şirkətlərin Britaniya torpaqlarında yerləşən aktivlərinin “dondurulması” nəzərdə tutulur.
Follow @7timesaz