Şimali Koreya mediası vətəndaşları “Hanun” tayfunu zamanı ilk növbədə Kim Çen İnin portretlərini qorumağa çağırıb.
7Times.az xəbər verir ki, bu barədə dövlət qəzeti “Rodong Sinmun” yazıb.
İnlə yanaşı, onun sələflərinin – atası Kim Çen İrin və babası Kim İr Senin portretlərinə də eyni diqqət göstərilməlidir. Qəzet yazıb ki, “Hanun” tayfunu zamanı Şimali Koreyalıların əsas diqqəti Kim sülaləsini təsvir edən sənət əsərlərinin təhlükəsizliyinə yönəlməlidir. Bunlara demək olar ki, hər evdə rast gəlinən heykəllər, mozaikalar, freskalar, abidələr və portretlər daxildir.
“Hanun” tayfunu bir gün əvvəl Koreya yarımadasına çatıb. Bu gün tayfun KXDR-in dərinliklərinə doğru irəliləyir və güclü küləklə müşayiət olunan leysan yağışları gözlənilir.
KCNA dövlət agentliyi Şimali Koreyanın bütün strukturlarının fəlakətli anomal iqlim şəraitinin aradan qaldırılması üçün kampaniyada iştirak etdiyini bildirib.
Qonşu Cənubi Koreyada tayfun artıq daşqınlara və binaları dağıdan torpaq sürüşməsinə səbəb olub. Cənub-şərqdəki Daequ şəhərində azı 1 nəfər ölüb. Şimali Koreyada təsir daha ciddi ola bilər. Belə ki, zəif infrastruktura görə təbii fəlakətlər ənənəvi olaraq ölkəyə güclü təsir göstərir.
Modern.az
Follow @7timesaz