Dünya

Laçın yolu BMT-nin müzakirə mövzusuna çevrilə bilməz – Türkiyədən REAKSİYA

Laçın yolu BMT-nin müzakirə mövzusuna çevrilə bilməz – Türkiyədən REAKSİYAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçirilib. Şuranın təcili iclasında Laçın yolu ətrafında vəziyyətlə bağlı müzakirələr və dinləmələr aparılıb.

 

İclasda Azərbaycanın əleyhinə qərar qəbul olunmayıb. Ermənistan rəsmiləri BMT Təhlükəsizlik Şurasındakı müzakirələri hər nə qədər “qələbə” kimi təqdim etsə də, iclas nəticəsiz qalıb.

 

Xarici İşlər Nazirliyinin iclasla bağlı bəyanatında da deyilir ki, Ermənistanın BMT Təhlükəsizlik Şurasından növbəti dəfə öz şantaj kampaniyası üçün istifadə etmək cəhdi uğursuzluğa düçar oldu. “Ermənistanın sözügedən ali orqanı bu cür manipulyasiya və istismar etmək səyləri postmünaqişə dövründə normallaşma gündəliyinin irəli aparılması baxımından qeyri-məhsuldar olmaqla yanaşı, son dərəcə destruktivdir”, – bəyanatda bildirilir.

 

İclas zamanı ABŞ-dakı Azərbaycan diasporunun fəalları BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahı önündə aksiya keçiriblər. Dinc aksiya BMT-nin qarşısındakı “Ralph Bunche” parkında baş tutub. Soydaşlarımız Ermənistanın guya Azərbaycanın Laçın yolunu bağlamaqla “humanitar böhran” yaratdığına dair iddialarına etiraz edib.

 

Aksiya zamanı ermənilər həmvətənlərimizə qarşı təxribat törədib. Təxribatçılar plakatlar və qondarma qurumun “bayraqları” ilə azərbaycanlılara hücum edib, tərəflər arasında qarşıdurma yaşanıb. Nyu-York polisi aksiyanın keçirildiyi əraziyə gəlib. Polis həmvətənlərimizə hücüm edən Cobanyan Sulyanı hadisə yerində həbs edib. Özünü BMT-nin əməkdaşı kimi təqdim edən digər erməni isə polis bölməsinə aparılıb.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı, ekspert Cihad Yaycı bildirib ki,  ABŞ-ın Nyu-York şəhərində 16 avqust 2023-cü ildə Ermənistanın tələbi ilə Azərbaycan əleyhinə keçirilən BMT TŞ-nin iclasında heç bir nəticə olmaması Azərbaycanın haqlı mübarizəsinin beynəlxalq aləmdə sarsılmaz şəkildə güclü olduğunu göstərir:

 

“Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını azad etmək üçün legitim mübarizə aparır. Beynəlxalq hüquqa uyğun hərəkət edir. Ermənistan isə guya Azərbaycanın humanitar böhran yaratdığı iddiası ilə yalan və manipulyasiya ilə BMT TŞ-ni iclasa çağırıb. Ancaq bu iddiasını sübuta yetirə bilməyib. Erməni lobbisinin bütün təzyiqlərinə baxmayaraq, TŞ-də Ermənistanın lehinə qərar çıxmayıb. Bu məqamda onu açıq şəkildə bəyan etmək lazımdır ki, Laçın yolu Azərbaycan üçün stratejik və həyati əhəmiyyətə malik deyil. Bu yol beynəlxalq hüquqa görə Azərbaycanın Laçın rayonun hüdudları çərçivəsindədir. Ancaq 1992-ci ildən bəri erməni silahlı qüvvələrinin işğalı altında idi. Görünür ki, ermənilər işğal düşüncəsindən bir addım belə geri çəkilmir. Laçın dəhlizi Qarabağın dağlıq hissəsindəki sakinlər üçün “yaşam xətti” olaraq görülür. Rusiyanın iştirakı ilə 2020-ci ildə imzalanan üçtərəfli bəyanata görə Laçın yolu rus sülhməramlılarının nəzarətinə keçdi. Fəqət sərbəst şəkildə ticarət və humanitar dövriyyəyə açılmalı olan dəhliz Ermənistanın qeyri-qanuni silahlı qrup və mühimmat təminatının əsas nöqtəsinə çevrildi”.

 

Kontr-admiral vurğulayıb ki, bu məsələ Azərbaycanın daxili işidir və BMT tərəfindən müzakirə mövzusuna çevrilə bilməz:

 

“1992-ci ildən bu yana torpaqları işğal altında olan və müxtəlif acılara məruz qalan Azərbaycan bu gün hələ də tamamilə hüquqi haqlarını və suverenliyini istifadə etməməkdədir. Unudulmamalıdır ki, BMT TŞ 25 ildir Azərbaycan torpaqları işğal altındaykən Qarbağ mövzusunu müzakirə etməyə gərək görməyib. Fəqət Ermənistanın və erməni lobbisinin hüquqsuz təzyiqləri  hər nə qədər nəticəsiz qalsa da, bu iclas keçirilib.

 

Buna görə də, bu iclasın nəticəsiz qalması əsla zəfər deyil. Yaxud BMT və BMT TŞ-nin  Azərbaycanın hüquqi haqlarını tanımasının göstəricisi deyil. Bunu belə qiymətləndirmək yalnış olar. Laçın yolu Azərbaycanın dosdoğma vətən torpağıdır. Azərbaycanın öz torpaqlarında istədiyini etməsi BMT TŞ-nin müzakirə mövzusu ola bilməz. Əksinə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü baltalamaq məqsədilə provokativ və məsuliyyətsiz kampaniya BMT TŞ tərəfindən ciddi qəbul edilib və “müzakirə edilməyə layiq mövzu”ya çevrilib.

 

Hər fürsətdə Azərbaycanın hüquqlarını pozmağa çalışan Ermənistanın regional və qlobal sabitliyi pozan bu təşəbbüslərinə imkan verilməməsi son dərəcə vacibdir. Azərbaycanın regional sabitliyi qorumaq üçün təklif etdiyi alternativlər Ermənistanın təxribatlarından və əsassız iddialarından daha önəmli faktlardır. Misal üçün, Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifi ciddi alternativdir və problemin həlli üçün iradə olduğunu göstərir”.

 

C.Yaycı söyləyib ki, Ermənistanın yalanlarının əvəzinə Azərbaycanın hüquqi və humanitar səyləri dəstəklənməlidir:

 

“Beynəlxalq bazarlara güvənli əlaqə sağlayan İpək Yolu  və ya M2 magistralı olaraq bilinən  Laçın yolu  regional təhlükəsizlik, istiqrar və ticarətin açarıdır. Ermənistanın və erməni lobbilərinin əlaqəli ölkələrdəki manipulyatif taktikalarına baxmayaraq, Laçın yolu ətrafındakı vəziyyətin Azərbaycanın sahib olduğu haqlar çərçivəsində  həll olunmasının zəruriliyinə yaşıl işıq yandıran BMT-nin artıq Azərbaycanın təklif və həll yollarını mərkəzə alması gərəkdir.

 

Beynəlxalq hüquqa və BMT prinsiplərinə bağlılığı ilə tanınan Azərbaycanın Laçın dəhlizində humanitar və hüquqi səyləri Ermənistanın və erməni lobbisinin təzyiqlərinin kölgəsində qoyulmamalıdır.

 

BMT Laçın yolu mövzusunda Azərbaycanın haqlarının müzakirə mövzusu edilməməsinin vacibliyi başa düşülməlidir.  Ermənistanın manipulyasiya və işğalı davam etdirmək üçün  ortalığa atdığı  yalanların əvəzinə Azərbaycanın  hüquqi və humanitar səyləri dəstəklənməlidir”.